...

Azərbaycanın Britaniyadakı səfirliyi erməni səfirliyi qarşısında baş vermiş insidentlə bağlı açıqlama verib

Cəmiyyət Materials 18 İyul 2020 03:25 (UTC +04:00)
Azərbaycanın Britaniyadakı səfirliyi erməni səfirliyi qarşısında baş vermiş insidentlə bağlı açıqlama verib

Bakı. Trend:

17.07.2020 tarixində Ermənistanın Azərbaycana qarşı 12.07.2020 tarixindən başlayan növbəti təcavüzü ilə bağlı Londonda yaşayan Azərbaycanlı soydaşlarımız Londondakı Ermənistan səfirliyinin qarşısında dinc aksiya keçirib.

Azərbaycan Respublikasının Britaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, mitinqdə təxminən 150 nəfər soydaşımız iştirak edib və onların bəziləri Britaniyanın digər şəhərlərindən sırf mitinqdə iştirak etmək üçün həmin gün Londona gəlib.

Britaniyada yaşayan Türk icması da həmyerlilərimizə qoşulub. Mitinq zamanı Azərbaycanlı soydaşlarımız “Qarabağ Azərbaycanındır”, “Erməni təcavüzünə son”, “Azərbaycan torpaqlarından əl çəkin” kimi şüarlar səsləndirib və Azərbaycan himni oxunub.

Mitinqin baş verməsinə bir neçə dəqiqə qalmış aydın olub ki, aksiyadan hansısa formada xəbər tutan Ermənistan tərəfi də həmin məkanda əks mitinq planlaşdırıb. Qarşı tərəfin əks mitinqində təxminən 50 nəfər iştirak edib.

Təəssüflər olsun ki, erməni tərəfi ənənəvi olaraq bu dəfə də Azərbaycanlıların dinc aksiyası zamanı da təxribatlara əl ataraq Azərbaycanın dövlət atributları (gerb, bayraq və himnimiz), eləcə də dövlət başçısı haqqında təhqiramiz ifadələr və hərəkətlərə yol verib. Soydaşlarımız qeyd olunan təhqir və təxribatlar qarşısında təmkinli davranmağa çalışsa da, dövlət atributları və ölkə başçımızın şəklini müdafiə edərkən qarşı tərəf zorakılığa əl atıb. Qısa müddət davam edən qarşıdurma zamanı Mançester şəhərindən mitinqdə iştirak etmək üçün gələn soydaşımız Zaur Teymurov xəsarət alıb. Polisin müdaxiləsindən sonra qarşıdurma sonlanıb, etiraz aksiyası davam etdirilib.

Səfir Tağızadə erməni tərəfi ilə qarşıdurmada iştirak edən soydaşlarımızı səfirlikdə həmin gün qəbul edib və onlara nümayiş etdirdikləri vətənpərvərliyə görə Azərbaycan dövləti adından təşəkkür edib. Səfir bildirib ki, ilk növbədə bir Azərbaycanlı, daha sonra isə diplomat kimi həmvətənlərimizin dövlət attributlarımızın və ölkə başçımızın müdafiəsi üçün atdığı addımları tamamilə dəstəkləyir və bu addımların arxasında durur.

Sitat: “Səfirlik olaraq mitinqdə iştirak edən soydaşlarımızı Ermənistan tərəfinin təxribatlara cəhd edəcəyi ilə bağlı xəbərdar etmişdik və onlara düşmənin təhrikedici davranışları qarşısında təmkinli olmağı tövsiyə etmişdik. Lakin elə hadisələr var ki, onlara yalnız əsl mərdlik və vətənpərvərlik yolu ilə cavab verilməlidir”, deyə səfir Tağızadə bildirib.

Zəruri tibbi müdaxilənin təmin edilməsi üçün qarşıdurmada xəsarət alan Zaur Teymurov səfirlik əməkdaşı tərəfindən xəstəxanaya aparılıb. Tibbi müayinə nəticəsində əldə ediləcək müvafiq arayışın da Erməni zorakılığının göstəricisi kimi Britaniya polisi və ictimaiyyətinə təqdim edilməsi nəzərdə tutulur.

Səfir Tağızadənin qərarı ilə bugündən etibarən AR-in Britaniyadakı səfirliyi 24 saatlıq növbəli iş rejiminə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti