...

COVİD-19-a yoluxma hallarını azaltmaq üçün yas mərasimlərinə ciddi nəzarət edilməlidir - Mütəxəssis

Cəmiyyət Materials 21 Noyabr 2020 18:08 (UTC +04:00)
COVİD-19-a yoluxma hallarını azaltmaq üçün yas mərasimlərinə ciddi nəzarət edilməlidir - Mütəxəssis

Bakı. İlhamə İsabalayeva - Trend:

COVİD-19-a yoluxma halları daha çox yas mərasiminlərində olur, ona görə də yas mərasimlərinin keçirilməsi ilə bağlı yenidən məhdudiyyətlər qoyulmalı və buna ciddi şəkildə nəzarət edilməlidir.

Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, pandemiya yeni başlanan dövrlərdə yas mərasimlərinin keçirilməsi ilə bağlı məhdudiyyətlər tətbiq edildi, dəfn mərasimlərinin isə az sayda insanın iştirakı ilə keçirilməsinə icazə verildi:

"İnsanlar bir müddət buna əməl etdilər. Amma görünür ki, müharibənin başlaması insanlara bu qaydaları unutdurdu. Şəhidlərmizin dəfni çoxsaylı insanların iştirakı ilə keçirilir. Lakin bu gün təkcə şəhidlərimiz deyil, dünyasını dəyişən digər insanların dəfni və yas mərasimləri geniş kütlənin iştirakı ilə keçirilir. Ölən şəxsin yaxınları dəfndən sonra hətta "üç", 4 dəfə "cümə axşamı", "qırx" keçirir. Hər bir kəsin dünyasını dəyişən yaxınına hörmətini bu formada ifadə etməsi başa düşüləndir. Lakin nəzərə alaq ki, indi pandemiya dövrüdür və belə mərasimlərin də keçirilməsi yolverilməzdir. Çünki bütün bu mərasimlər insanların bir-biri ilə təmasını artırır və nəticədə yoluxma hallarının çoxalmasına səbəb olur".

Y.Abdiyeva qeyd edib ki, hazırkı dövrdə yoluxma sayının azaldılması üçün ən əsas yollardan biri kütləvi tədbirlərdən çəkinməkdir. İnsanlar buna, eləcə də yoluxmanın azaldılmasına kömək edən digər qoruyucu tədbirlərə əməl edərlərsə, COVİD-19-a yoluxma sayı xeyli azala bilər. Əks halda isə qarşıdan gələn qış aylarında koronavirusla bağlı daha acı vəziyyətlə üzləşə bilərik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti