...

BNA-da Vətən müharibəsinin iştirakçısı olan əməkdaşlarla görüş keçirilib

Cəmiyyət Materials 19 Yanvar 2021 19:16 (UTC +04:00)
BNA-da Vətən müharibəsinin iştirakçısı olan əməkdaşlarla görüş keçirilib

Bakı. Trend:

Bakı Nəqliyyat Agentliyində (BNA) Vətən müharibəsinin iştirakçısı olan əməkdaşlarla görüş keçirilib. Ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.

BNA-dan Trend-ə bildirilib ki, görüşün 20 Yanvar faciəsinin il dönümünə təsadüf etdiyini xatırladan Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli 31 il əvvəl baş verənlərin tarixə xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirib.

İdarə Heyətinin sədri vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində 44 günlük Vətən Müharibəsi tarixi qələbəmizlə nəticələndi. Bu möhtəşəm Zəfər tarixə qızıl hərflərlə qəhrəmanlıq salnaməsi kimi yazılacaqdır.

Şanlı Ordumuzun sıralarına qoşularaq tarixi Zəfərimizin qazanılmasına töhfələrini verən əməkdaşlara öz təşəkkürünü və xoş arzularını çatdıran sədr ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib, onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.

Bildirilib ki, pandemiya ilə mübarizədə ön sırada yer alan Bakı Nəqliyyat Agentliyi Vətən Müharibəsi zamanı da arxa cəbhədə bütün imkanlarını səfərbər edib. Səfərbərliyə çağırılan vətəndaşların daşınması ilə bağlı nəqliyyat əməliyyatları Agentlik tərəfindən icra edilib. Vətən Müharibəsindən öncə təşkil edilən “Hər şey vətən üçün” aksiyası çərçivəsində qısa vaxtda 83 yük avtomobili ilə 65 mindən artıq təkər cəbhə bölgəsinə yola salınıb.

Qeyd edək ki, Vətən müharibəsində Bakı Nəqliyyat Agentliyinin 19 əməkdaşı iştirak edib. 2 nəfər Prezident İlham Əliyevin Sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunublar. Təltif olunanlardan hər biri iki medala layiq görülüb. Döyüşlərdə fərqləndiklərinə görə 6 nəfər isə qulluq etdikləri hərbi hissələrin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif edilib.

Görüşdə çıxış edən müharibə iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlara qatılaraq, doğma yurd yerlərimizin düşməndən azad edilməsində iştirak etdiklərinə görə şərəf və fəxr hissi keçirdiklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti