Bakı. İlhamə İsabalayeva - Trend:
Dövlət qulluğunda inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin mart ayında keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat sona yaxınlaşır.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, inzibati icarçı vəzifələr (B növü) üzrə imtahana qeydiyyat 24 fevral saat 12:00-da başa çatacaq.
İnzibati dövlət qulluğu vəzifələrinin A və B növünə aid olan AA, AB, AC (rəhbər vəzifələr) və BA, BB qruplarına uyğun olan vəzifələr üzrə imtahanlar Bakı və Gəncə şəhərlərində martın 7-də keçiriləcək.
A növünə aid olan imtahan yalnız Bakı şəhərində kompüter, B növünə aid olan imtahan isə Bakı və Gəncə şəhərlərində kağız daşıyıcılar vasitəsilə aparılacaq.
B növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat 24 fevral saat 12:00-dək aparılacaq.
A növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat 5 mart saat 12:00-dək aparılacaq. Bu imtahan DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.
İmtahanda iştirak etmək istəyən namizədlər (şəxsi kabineti olmayanlar) DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.