...

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Londonda anılıb (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2021 21:09 (UTC +04:00)
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Londonda anılıb (FOTO)

Bakı. Trend:

İkinci Qarabağ Müharibəsinin birinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında 27 sentyabr – Anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanın Britaniyadakı səfirliyinin əməkdaşları, Britaniyada yaşayan Azərbaycanlı icmasının nümayəndələri və Azərbaycanın dostları iştirak edib.

Azərbaycanın Britaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edildiyi tədbiri giriş sözü ilə açan səfir Süleymanov bugünün Azərbaycan tarixində çox önəmli bir gün olduğunu söyləyərək qeyd edib ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün qardaş və bacılarımızın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və uca tutulacaqdır.

Səfir vurğulayıb ki, üç onillik ərzində danışıqlardan boyun qaçıran və 2020-ci ilin iyul ayından etibarən Azərbaycana qarşı hücum və təxribatları daha da artıran Ermənistan ötən ilin 27 sentyabr tarixində Azərbaycan Respublikasının mülki əhalisini, eləcə də hərbi mövqelərini atəşə tutduqda Azərbaycanın başqa seçimi qalmadı və ölkəmiz özünü müdafiə hüququndan istifadə etməklə cavab hərbi əməliyyatlarına başlayaraq 44 günlük Vətən müharibəsi ərzində torpaqlarını düşmən tapdağından xilas etdi. Elin Süleymanov xüsusi olaraq qeyd edib ki, Ermənistanın açıq-aşkar təhrikedici təxribatlarına baxmayaraq 44 gün müddətində Azərbaycan hərbi əməliyyatları beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə davam etdirdi və özünün beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənara çıxmadı.
Azərbaycanda xalqla dövlət arasında mövcud olan möhkəm birliyin ölkəmizin İkinci Qarabağ savaşındakı parlaq qələbəsində oynadığı mühüm roldan da bəhs edən səfir Elin Süleymanov bu birliyi qoruyub saxlamaq, gücləndirmək və Azərbaycanın adını hər zaman yüksəkdə tutmağın bütün azərbaycanlıların ən ümdə borcu olduğunu deyib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiyadakı səfirliyinin hərbi attaşesi Vüqar Əhmədov 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan əsgərinin göstərdiyi əlahiddə şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edib. O, qeyd edib ki, Müzəffər Ali Baş Komandan və müzəffər Azərbaycan ordusunun rəşadəti hər bir Azərbaycanlı üçün qürur mənbəyidir. V.Əhmədov şəhidlərin Vətən qarşısında öz borclarını layiqincə yerinə yetirdiklərini söyləyib və onların bizə əmanət etdiyi müzəffər Azərbaycanın inkişafı və bundan sonra daha da gücləndirilməsinə töhfə verməyin hər bir Azərbaycanlı üçün vacib olduğunu qeyd edib.

Anım tədbirində Britaniyadakı Azərbaycanlı icmasının nümayəndəsi, “Azərbaycan Evi” təşkilatının sədri Ali Tekin Atalar da çıxış edərək şəhidlərin xatirəsinin harada olmasından asılı olmayaraq hər bir azərbaycanlının ürəyində əbədi olaraq yaşayacağını bildirib. O, Vətən müharibəsi ərzində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlıların bir amal uğrunda birləşərək Azərbaycan ordusuna mümkün olduğu qədər mənəvi dəstək verdiyini xatırladıb. Ali Atalar, həmçinin Türkiyə, Pakistan, İsrail kimi ölkələrin 44 günlük müharibə dövründə ölkəmizin yanında olmasının əhəmiyyətini vurğulayıb.

Daha sonra tədbir iştirakçıları 27 sentyabr – Anım gününə həsr olunmuş guşənin önünə çiçəklər qoyub, 44 günlük Vətən müharibəsi və ildönümünə həsr olunmuş video materiallara baxıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti