Bakı. Çingiz Səfərli - Trend:
Bu gündən ali və orta ixtisas təhsili müəssisələrində 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayır.
Trend xəbər verir ki, təhsil nazirinin müvafiq əmrinə əsasən imtahanlar əyani formada təşkil ediləcək.
İmtahanların keçirilməsi zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət edilməlidir. Həmçinin, Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əməl edilməlidir.
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasını mövcud normativ sənədlər əsasında təşkil etməli, təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməlidirlər. Əmrə əsasən, imtahanlarla bağlı nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm məlumat veriləcək.
Qeyd edək ki, koronavirusa yoluxan tələbələrin imtahanda iştirakının necə olacağı isə "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili" qaydalarında əksini tapıb.
Belə ki, üzürlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etməyəcək.