...

"20 Yanvar"dakı taksilər vahid bir yerə cəmləşdirilə bilərmi? - SORĞU

Cəmiyyət Materials 12 Yanvar 2022 12:09 (UTC +04:00)
"20 Yanvar"dakı taksilər vahid bir yerə cəmləşdirilə bilərmi? - SORĞU

Trend-i buradan izləyin

Bakı. Çingiz Səfərli - Trend:

Rayonlara sərnişindaşıma ilə məşğul olan taksilər paytaxtın müxtəlif yerlərində, o cümlədən "20 Yanvar" dairəsi ətrafında və 3-cü mikrorayon dairəsində sıxlığa səbəb olur.

Bəs həmin avtonəqliyyat vasitələri vahid bir əraziyə cəmləşdirilə bilərmi?

Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazilərdə dayanan avtonəqliyyat vasitələri qeyri-qanuni fəaliyyətlə məşğuldurlar.

"Dövlət Avtomobil Nəqliyyatı Xidməti müntəzəm və qeyri-müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən sərnişindaşıma xidmətinə nəzarəti təmin edir. Qurum fərqlənmə nişanı almaqla sərnişindaşıma üzrə xidmət göstərən hüquqi şəxslər və ya fərdi sahibkarların fəaliyyətinə nəzarəti həyata keçirir, marşrut sxemi, istiqaməti, hərəkət cədvəlini müəyyən edir. Həmin ərazilərdə sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələri fərqlənmə nişanı almadan, qeyri-qanuni olaraq fəaliyyət göstərirlər" - deyə, məlumatda qeyd olunub.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, "20 Yanvar" dairəsi ətrafında taksi duracaqları var. Taksilər həmin yerlərdə dayanıb xidmət edə bilərlər.

"Amma bir məsələ var ki, həmin taksilərin hamısı qeyri-qanuni şəkildə fəaliyyət göstərirlər. Qeyri-qanuni taksi fəaliyyətinə nəzarət etmək də bizim səlahiyyətimizə aid deyil. Bizi də bu məsələ ciddi narahat edir. Çünki o cür taksilərin metronun "20 Yanvar" və digər stansiyalarının ətrafında xaotik vəziyyətdə dayanması həm ictimai nəqliyyata, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur" - deyə o qeyd edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru Araz Əsgərli isə Trend-ə bildirib ki, paytaxtın əsasən “20 yanvar” və "Şamaxinka" kimi tanıdığımız ərazilərində qeyri-qanuni sərnişin daşıma ilə məşğul olan və bu fəaliyyət növü ilə məşğul olarkən hərəkətin nizamını pozan şəxslərə münasibətdə əraziyə daimi naryadlar təhkim etməklə ümumi vəziyyətə gündəlik nəzarət edilir əks təqdirdə ərazidə polis olmasa vəziyyət təmamilə nəzarətdən çıxmış olar.

"Lakin vətəndaşların sərnişin daşıma ilə bağlı problemləri həmin ərazidən istifadə edən şəxslərin tisdalında düzgün təhlil olunmaqla planlaşdırılsa hesab edirik ki, daha yüksək qiymətlərə konfortsuz və təhlükəli vəziyyətdə heç kim həmin xidmətlərdən istifadə etməz. Belə qanunsuz fəaliyyət göstərən sürücülərlədə gündəlik mübarizə aparmağada ehtiyac qalmaz", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti