...

YAP Xətai rayon təşkilatının təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 31 Yanvar 2022 18:36 (UTC +04:00)
YAP Xətai rayon təşkilatının təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Yanvarın 31-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının təşkilatçılığı ilə 2 fevral- Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.

YAP Xətai rayon təşkilatının akt zalında keçirilən tədbiri Dövlət Himninin səsləndirilməsindən, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, gənclik gələcək deməkdir. Gələcəyimiz gənclərin fəaliyyətindən, yaradıcılığından, bütövlükdə xalqa, dövlətə bağlılıqlarından daha çox çox asılıdır. Bu baxımdan Azərbaycan gəncliyi dövlətin qayğısı ilə əhatə olunaraq öz potensial imkanlarını müasir müstəqil Azərbaycanın daha da möhkəmlənməsinə, qüdrətlənməsinə yönəltmək imkanlarına malikdir.

Vüqar Rəhimzadə qeyd edib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi: “Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. “Azərbaycanda həyata keçirilən gənclər siyasətinin fəlsəfəsi nədən ibarətdir” sualına ən dolğun cavab ümummilli lider Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” fikirlərinin özündə ehtiva etdiyi çağırışlardır.”

Gənclərin əsas fəaliyyət istiqamətinin təhsil olduğunu bildirən YAP Xətai rayon təşkilatının sədri dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafı istiqamətində gördükləri işlərdən, həyata keçirdikləri tədbirlərdən geniş bəhs edib: “Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplər əsasında Prezident İlham Əliyevin çağırışlarına uyğun olaraq milli dəyərlərə bağlı, sağlam düşüncəli, vətənpərvər Azərbaycan gəncliyi formalaşdırılır. Neft gəlirlərini insan kapitalına çevirməyi qarşıya mühüm vəzifə qoyan dövlət başçısı İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiqlədi. 2007-ci ili ölkəmizdə “Gənclər İli”, 2020-ci ili isə “Könüllülər İli” elan etməklə gənclərə olan etimadını, onların potensialından səmərəli istifadənin ölkəmizin gələcək inkişafına yönləndirmək istəyini təsdiqlədi. Bu addımların uğurlu nəticələrinə əmin olmaq üçün Azərbaycan gəncliyinin inkişafına yönələn Dövlət proqramlarının qəbuluna və uğurlu icrasına diqqət yetirmək kifayətdir. Azərbaycan gəncləri xoşbəxtdir ki, belə qüdrətli, qalib ölkənin vətəndaşlarıdırlar, eyni zamanda, dövlətinin, xalqının gələcəyini düşünən, gənclərin gələcəklərini düzgün formalaşdırmalarına dəstək olan cənab İlham Əliyev kimi qətiyyətli Lideri vardır.”

YAP Xətai rayon təşkilatının sədri bu mühüm məqamı da xüsusi qeyd edib ki, ölkə gənclərinin böyük əksəriyyətinin gələcək taleyini ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasına bağlayaraq öz potensiallarını nümayiş etdirmək üçün bu təşkilatda geniş meydan görmələri təqdirəlayiqdir. Yeni Azərbaycan Partiyasının 800 minə yaxın üzvünün böyük əksəriyyətini, təxminən 40 faizini gənclər təşkil edir.

Vüqar Rəhimzadə gənclərimizin vətənpərvərlik hissindən geniş bəhs edərək 44 günlük İkinci Qarabağ müharibəsində qalibiyyətimizi şərtləndirən amillərdən biri kimi gənclərin torpaq, Vətən sevgisini xüsusi qeyd edib.

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov gəncləri bu gözəl bayramları münasibətilə təbrik edərək onlara qalib Azərbaycanın vətəndaşı kimi daha böyük uğurlar arzulayıb: “Bu gün müstəqil Azərbaycanımıza hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Azərbaycan ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin və son 18 ildə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində adını qalib ölkə kimi tarixə yazdı. Bu tarixi Zəfərimizdə gənclərimizin rolu böyükdür. Azərbaycan gəncliyi illərdir dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrini gözləyirdi. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin 44 gündə Qələbə ilə başa çatması bir daha Azərbaycan xalqının məğrurluğunu, gənclərimizin torpağa, Vətənə bağlılıqlarını dünyaya nümayiş etdirdi. “Torpaqdan pay olmaz” prinsipinə söykənən gənclərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək 30 ilin torpaq həsrətinə 44 gündə son qoyub, tarix yazdılar. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.”

E.Əhmədov qeyd edib ki, bu gün Azərbaycan gəncləri ölkə həyatının bütün sferalarında fəallıq nümayiş etdirir, müəyyənləşdirilən yeni-yeni hədəflərin reallığa çevrilməsinə öz töhfələrini verməyə çalışırlar.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov əvvəlcə tədbirdə iştirak edən gəncləri 2 Fevral - Gənclər Günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində, eyni zamanda, Azərbaycanın ictimai-siyasi proseslərində iştirak edən ən aparıcı və ən zəngin tarixə malik olan siyasi partiyanın- Yeni Azərbaycan Partiyasının üzvləri kimi uğurlar arzulayıb: “Siz ulu öndər Heydər Əliyevin ideyaları ətrafında birləşmiş və bu gün Prezident İlham Əliyevin uğurlu və çevik siyasəti nəticəsində iri addımlarla gələcəyə doğru irəliləyən gənclərsiniz. Uzun illər siyasi mənsubiyyətindən, əqidəsindən, ictimai-siyasi proseslərdə iştirakından asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşının qarşısında belə bir strateji vəzifə dururdu: İşğalda olan torpaqlarımızı azad etmək, həmin ərazilərdə Azərbaycanın suverenliyini bərpa etmək və köçkün düşmüş həmvətənlərimizin dədə-baba torpaqlarına qayıtmalarına nail olmaq. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman övladlarımız, bacı-qardaşlarımız həqiqi mənada o tarixi missiyanın həyata keçirilməsinə nail oldular. 44 günlük zaman kəsiyində nəinki işğalda olan torpaqlarımızı azad etməyə, eyni zamanda, həm yeni geosiyasi, həm də geoiqtisadi reallıqların yaranmasına, bununla da ümumilikdə Azərbaycanın gələcəkdə inkişafına dair kifayət qədər ciddi və sağlam təməlin qoyulmasına nail oldular. Həmçinin bu Zəfər gənclərin həm fərdi, həm də kollektiv şəkildə inkişafına ciddi və müsbət təsir etdi”.

“Bu yeni yaranmış reallıqlardan və üzərimizə düşən məsuliyyət hissindən irəli gələrək həm dünyanı, həm də vətəndaş kimi hər birimizi narahat edən çağırışlara doğru hansı addımlar atacağıq, atmalıyıq və yaxud atılmalıdır suallarına cavab da tapmalıyıq” söyləyən millət vəkili qeyd edib ki, 2 fevral - Gənclər Günü bizim üçün bayramdır: “Vaxtilə ulu öndər Heydər Əliyevin bir çox addımları ilə bərabər, Azərbaycanın gənclər siyasətinin formalaşmasına dair apardığı siyasətin bariz nümunələri də bu gün ölkə gəncliyinin, cəmiyyətin inkişafına töhfə verir. Ancaq qlobal kontekstdə təbii ki, dünya dəyişir. Bu yaxınlarda Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində yeni dünya düzəninin dəyişməsi, Azərbaycanın həmin düzəndən irəli gələn çağırışlara hazır olduğuna dair bizim hər birimizə mesaj verməsinə baxmayaraq, biz həmin o hazırlıq prosesində mütləq mənada cənab Prezidentin siyasətinə dəstək olmalıyıq. O yükün altına biz də çiynimizi verməliyik. Azərbaycan gəncliyi nə etməlidir? Bu sual bizi illərdir narahat edir və bundan sonra da düşündürəcək. Dövlətimizin apardığı genişmiqyaslı siyasət bizə zəmanət verir ki, müəyyən mənada bu çağırışların öhdəsindən gələk. Lakin fərdi qaydada üzərimizə düşən məsuliyyət də çoxdur. Dünya iqtisadçıları proqnozlaşdırırlar ki, mövcud olan ixtisasların 60 faizi bu və ya digər formada dəyişəcək, 30 faizi isə tamamilə aradan qalxacaq. Yəni, təxminən 30 il sonra bizim bu gün sahib olduğumuz peşələrin sadəcə 10 faizi bildiyimiz, gördüyümüz formada qalacaq. Demək, biz dünya ilə rəqabət aparmaq üçün həmin o 90 faiz peşə, ixtisas növlərinin dəyişilmə prosesində aktiv yer almalıyıq. Bunun üçün də oxumaq lazımdır”.

R.Məmmədov hazırda Azərbaycan gəncliyinin müasir biliklərə yiyələnməsindən məmnunluğunu dilə gətirərək bildirib: “Mən Azərbaycan gəncliyi ilə tez-tez müxtəlif görüşlərdə oluram. Müşahidə edirəm ki, gəncliyimiz ilbəil inkişaf edir, onlar yeni biliklərə, yeni meyarlara uyğunlaşmağa çalışırlar. Yanvarın 30-da Kaliforniyada yaşayan bir azərbaycanlı gəncimiz “Twitter” üçün startap layihəsini 50 milyon dollara satmağa nail olub. Bu, həqiqətən böyük uğurdur. Ona görə də Azərbaycan gəncliyi mütləq mənada oxumalıdır. Bilirsiniz, böyüklərimiz zamanında bir universiteti bitirib, bir diplomla kifayətlənirdilər. Çünki sistem özü bunu tələb edirdi. Bir diplomla insan həyatının sonuna qədər işləyib, çalışıb, fəaliyyət göstərib böyük uğurlar qazana bilərdi. Amma bugünkü qlobal dünyada bu, kifayət etmir. Biz diplomdan əlavə müasir biliklərə yiyələnmək üçün mütəmadi olaraq özümüzü inkişaf etdirməliyik, ixtisaslaşdırılmış kurslarda iştirak etməliyik, lazım gələrsə ikinci, üçüncü təhsil almalıyıq. İndi dünyada maliyyəsiz təhsil almaq imkanları da mövcuddur. Azərbaycan dövlətinin Gənclər Fondu vasitəsilə xaricdə təhsil proqramlarının reallaşmasının şahidi oluruq. Biz harada olmağımızdan asılı olmayaraq böyük ailə mədəniyyətinə sahib olan xalqıq, dövlətik, cəmiyyətik. Bunları yaşatmaq isə hər birimizin missiyasıdır”.

Vətən müharibəsi şəhidi Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur gəncliyin tükənməz enerjisinin olduğunu önə çəkərək bildirib ki, gənclərimiz silaha sarılaraq 30 ilin torpaq həsrətinə son qoydular, erməniləri diz çökdürdülər. 44 gündə qalibiyyətə imza atmaqla Vətən, torpaq sevgisinin böyüklüyünü dünyaya nümayiş etdirən Azərbaycan gənci dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi: “Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdiyi vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Bu gün də gəncliyimizin qaşısında yeni çağırışlar dayanır. Bu, işğaldan azad edilmiş torpaqlarımızı bərpa etmək, soydaşlarımızın Böyük Qayıdışına töhfələr verməkdir. Ulu öndər Heydər Əliyev ideyalarının ətrafında sıx birləşən Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandan, qalib Lider İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara imza atacaq.”

Çıxış edən 6 saylı “ASAN xidmət” mərkəzinin rəhbəri Murad Əlizadə gənclərə dövlətin qayğısından bəhs edərək diqqəti ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatına yönəldib: “Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı qüvvəsi məhz gənclərdir. Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu qeyd edən Prezident İlham Əliyev 2020-ci ili “Könüllülər İli” elan etdi. Ölkəmizdə təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi onlar ayrı-ayrı təşkilatlarda müxtəlif vəzifələrdə işləyirlər. Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. Könüllülər hərəkatı “ASAN xidmət”dən başladı və bu gün “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bütün dövlət təşkilatlarına tövsiyə olunur ki, könüllüləri cəlb etsinlər. Könüllülər dövlət qurumlarında, nazirliklərdə, digər dövlət təşkilatlarında təcrübə keçməlidirlər. Bu gün "ASAN xidmət" bizim milli intellektual, innovasiya məhsulumuzdur. Ölkə Prezidenti bölgələrə səfəri zamanı coğrafiyasını genişləndirən “ASAN xidmət” mərkəzlərinin açılışında iştirak edir, könüllülərlə görüşür, bu gün ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan söhbət açır, onların idarəçilikdə irəli çəkilmələrinə diqqəti yönəldərək bu çağırışı edir ki, gənclərimiz milli ruhda tərbiyə olunmalıdırlar. Bu günlərdə cənab İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı “ASAN xidmət” mərkəzinin açılışı oldu. Artıq ölkədə 22 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Gənclərimizin “ASAN xidmət”in fəaliyyət prinsiplərindən irəli gələrək fəaliyyətləri vətəndaş məmnunluğunun artırılmasında əhəmiyyətli rol oynayır.”

Tədbirdə gənclər adından çıxış edən Vətən müharibəsi qazisi Taryel Şıxbalayev, Vətən müharibəsi şəhidi Kəmaləddin Məmmədzadənin bacısı Ülkər Məmmədzadə və Vətən müharibəsi şəhidi Nurlan Hüseynovun həyat yoldaşı Günel Hüseynova dövlətin gənclərə diqqət və qayğısından bəhs edərək bildiriblər ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişmələrinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.

Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatda rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Gənclərə bu çağırışı etmək istərdik ki, yeni dövrün tələblərini yüksək səviyyədə cavablandırmaq üçün daha fəal olaq, öz potensial imkanlarımızdan maksimum istifadə etməyə səy göstərək.

Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva çıxış edərək gənclərin inkişafı üçün yaradılan şəraitdən bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev bu gün gənclərin ən böyük hamisidir hamisidir.

Fidan Hacıyeva Üzeyir Hacıbəylinin “Sevgili canan” romansını ifa edib.
Tədbirdə Xətai rayonunun ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup gəncə YAP Xətai rayon təşkilatının Fəxri fərmanı təqdim olunub.

Sonda Azərbaycan gəncliyinin seçdiyi inkişaf yolunu, gənclərin bu gün ölkəmizin həyatında rolunu özündə əks etdirən videoçarx nümayiş olunub və xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti