Bakı. Trend:
Bu il ali təhsil müəssisələrinin bakalavr pilləsinə ixtisas seçimi avqustun 16-sı başlayacaq. Ali təhsil müəssislərinə qəbulda keçid ballarının aşağı salınması gözlənilirmi? Hansı qrup üzrə abituriyentlərin ali məktəblərə qəbul olma şansı daha yüksəkdir?
Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran təhsil eksperti Kamran Əsədov qeyd edib ki, bu il ixtisas qrupları üzrə DİM-in jurnalları əsasında təhlil apardıqda görürük ki, III ixtisas qrupu üzrə abituriyentlər daha çox şanslıdırlar.
"Əvvəlki illərlə müqayisədə bu il III ixtisas qrupunda plan yerlərinin sayını çoxluğu kifayət qədər artıb. II ixtisas qrupundan beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasının III qrupa keçirilməsi də öz növbəsində III ixtisas qrupunda plan yerlərinin sayını artmasına səbəb olub. Bu il yüksək bal toplayanların sayında da azalma müşahidə olunur. Belə ki, 2022-ci ildə III ixtisas qrupu üzrə 342 nəfər 600-dən yuxarı bal toplayıb. Bu da dövlət universitetlərində III ixtisas qrupunda bir sıra ixtisaslarda keçid ballarının aşağı düşməsinə gətirib çıxaracaqdır. II ixtisas qrupunda da yüksək bal toplayan şagirdlərin sayında ciddi azalma var. Bu il II ixtisas qrupu üzrə plan yerləri ilə yanaşı, abituriyentlərin sayında da azalma var. IV ixtisas qrupunda isə vəziyyət gərgindir. Buna səbəb isə tibb ixtisası üzrə plan yerlərinin azalmasıdır.I ixtisas qrupununda isə plan yerlərinin sayında atım var. Abituriyentlər ixtisas seçimi edərkən yalnız bir il öncə formalaşan keçid ballarına baxmamalıdırlar. Onlar həmçinin əvvəlki illərin plan yerlərinə və abituriyentlərin ballarına da diqqət yetirməlidirlər", - deyə ekspert bildirib.