Şuşa. Trend:
Azərbaycanda şahmat çox yaxşı inkişaf edib.
Trend xəbər verir ki, bunu sentyabrın 21-24-də Şuşa şəhərində keçirilən "Shusha Chess 2022" beynəlxalq şahmat turnirində iştirak edən gürcü şahmatçı Nona Qaprindaşvili jurnalistlərə açıqlamasında deyib.
"Şuşadan yaxşı əhval-ruhiyyə ilə ayrılıram. Turnirlərdə iştirak edəndə dincəlirəm, müsbət emosiyalar qazanıram və bu, həyatımı uzadır. Bura çox gözəldir, tamaşaçılar əladır, mənə elə gəlir ki, turnirlərin keçirilməsi üçün bu kifayətdir. Turnirin açılışı və bağlanışı mənim çox xoşuma gəldi, hər şey ən yüksək səviyyədə idi. Bundan sonra da Azərbaycanın təşkil etdiyi şahmat turnirlərində iştirak edəcəyəm", - deyə N.Qaprindaşvili bildirib.
O, Azərbaycanda dəfələrlə olduğunu vurğulayıb.
"Mən burada şahmatçı kimi olmuşam, hətta qonaq kimi də dəvət almışam. Mən azərbaycanlı şahmatçıya qarşı oynamışam. Qeyd etmək lazımdır ki, Azərbaycanın kişi şahmatçıları çox güclüdür. Ölkənizdə bu idman növü yaxşı inkişaf edib və mən qadın şahmatçılara uğurlar arzulamaq istərdim. Nəzərə alsaq ki, Azərbaycanın güclü konfederasiyası var, buna çox tez nail olacaqlar", - deyə N.Qaprindaşvili əlavə edib.
Qeyd edək ki, turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə baş tutub.