...

Müqavilədəki 288 min manatın 61 minini nazirliyə qaytardıq - Səlim Müslümovun məhkəməsində

Cəmiyyət Materials 3 Oktyabr 2022 17:52 (UTC +04:00)
Müqavilədəki 288 min manatın 61 minini nazirliyə qaytardıq - Səlim Müslümovun məhkəməsində
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Əzizə Baxşıyeva bildirib ki, əczaçılıq şirkətində işləyir: "2013-cü ildən Avromed şirkətində işləmişəm. 2015-2020-ci illərdə şirkətdə direktor olmuşam. Mənə bildirdilər ki, hansısa tibb mərkəzinə məhsul satılıb. Heç bir müəssisə ilə saxta əməliyyat aparılmayıb. Mən heç bir müəssisə ilə saxta iş görməmişəm".

Ə.Baxşıyeva İfadəsində bildirib ki, Avromeddə işlədiyi dövrdə 1000-dən artıq müqavilə bağlayıb. 22 min 500 manat dəyərində sarğı və dərman ləvazimatları satıb. Həmin məbləğin 4765 manatı nazirliyə geri qaytarılıb.

Şahid Eldar Əliyev isə deyib ki, təsərrüfat şləri ilə məşğuldur.

"Məlikhəsən adlı şəxs mənə dedi ki, səni işə düzəldim. Mən də razılaşdım. Ayda bir dəfə mənə imza atdırıb 200 manat verirdi. Oxumaq və yazmaq qabiliyyətim olmadığı üçün nəyə imza atdığımı bilmirəm. Sonradan bildim ki, mənim adıma "İnstal Servis" şirkəti açıb. Bir-iki il mənə ayda 200 manat maaş verdilər. Sonradan dedilər ki, şirkət bağlanıb, maaş vermədilər".

Aqil Quliyev isə deyib ki, dərman şirkətində işləyib: "Mən 2014-cü ildə "Riyad Farm" şirkətində işləyirdim. Həmin vaxt nazirliklə müqavilə bağladıq ki, onlara dərman sarğı materialları verək, dedilər ki, biz böyük məbləğdə dərman preparatları alacağıq. Dedik ki, biz sizə aldığınız malın qiymətinin 20 faizini güzəşt edirik. Bu minvalla biz nazirliklə işlədik. Bir müddət sonra bizim şirkət bunlarla üzləşmə arayışı keçirəndə nazirlik sənədləşmədən yayındı".

Prosesdə Aqil Quliyevin ibtidai istintaqa verdiyi İfadəsi elan olunub. İfadədə bildirilir ki, "Riyad Farm" şirkəti ilə nazirlik arasında ümumikdə 287 min 969 manatlıq dərman preparatları barədə müqavilə imzalanıb, mal verilib. Həmin müqavilədə göstərilən məbləğ şirkətin balansına köçürüləndən sonra məbləğin 61 min 10 manatı nazirliyinin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcova qaytarılıb.

Şahid Atabala Bağırrov isə deyib ki, əvvəllər işsiz olub: "Kəndçimiz Eldar adlı şəxs dedi ki, gəl sənin adını şirkətə yazdırım, ayda 200 manat verək. Dedim yaxşı. Elə ayda bir dəfə qol çəkdirib 200 manat verirdilər. 2015-ci ildə dedilər ki, şirkət bağlandı. Bilmirdim nə işidi, 200 manatı alıb dua edirdim. Sonradan dedilər ki, mənim adıma şirkət açıblar, mən də direktor olmuşam".

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Səlim Müslümov ibtidai istintaq zamanı cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti