...

Məktəblərdə xoşagəlməz halların yaranması – Psixoloq çatışmazlığı

Cəmiyyət Materials 15 Oktyabr 2022 09:32 (UTC +04:00)
Məktəblərdə xoşagəlməz halların yaranması – Psixoloq çatışmazlığı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yeni tədris ilinin başlanmasından 1 ay keçməmiş məktəblərdə şagirdlər arasında xoşagəlməz halların şahidi oluruq. Şagird-müəllim, şagird-şagird münasibətlərində baş verən, sosial şəbəkələrdə yayılan görüntülər psixoloqların tədris müddətindəki əhəmiyyətində bir daha gündəmə gətirir.

Bir müddət əvvəl problemə toxunan elm və təhsil naziri də məktəblərdə psixoloji xidmətin mahiyyəti və mexanizminin, keyfiyyətinin dəyişməli olduğunu qeyd etmişdi.

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan təhsil eksperti Kamran Əsədov bildirib ki, son illər məktəblərdə psixoloji xidmətlə bağlı bir sıra işlər görülüb, lakin tədbirlər hələki yetərli deyil:

"Görülən tədbirlər nəticəsində, artıq orta məktəblərdə bu sahənin adı var, bircə qalır doğru-dürüst fəaliyyət göstərməsi. Orta məktəbdə psixoloji xidmətin zəif olması bir çox səbəblə bağlıdır. Birincisi, bu sahənin yeni olmasıdır. Yəni orta məktəbdə psixoloq ştatı hələ tam oturuşmayıb və cəmiyyət tam şəkildə maariflənməyib. Valideyn hələ tam fərqinə vara bilmir ki, psixoloqun orta məktəbdə işi nədən ibarətdir. Ona görə də, düşünürəm ki, maariflənmə işi daha geniş formada aparılmalıdır. İkinci bir səbəb psixoloq ştatının açılması, ancaq psixoloqların psixoloji işi aparması üçün şəraitlərinin olmamasıdır. Çünki heç kimə sirr deyil ki, bir sıra orta məktəblərdə psixoloqlar konkret əvəzçiliklə dərs demək və belə deyək ki, öz işləri ilə yanaşı başqa işləri də yerinə yetirmək durumu ilə üz-üzə qalırlar", - K.Əsədov bildirib.

O vurğulayıb ki, məktəblərdə psixoloq ştat vahidinin müəyyən olunması psixoloji işin daha yaxşı görülməsində motivasiya ola bilər:

"Orta məktəbdə çalışan psixoloqun aldığı əməkhaqqı da təxminən digər müəllimlərin aldığı məvacibə bərabər tutulmalıdır. Bu işlərin həll olunması, eyni zamanda orta məktəbdə çalışan psixoloqların mütəmadi təlimlərə, treninqlərə cəlb olunması vacibdir”, – deyə o bildirib".

Ekspert qeyd edib ki, uşaqların təkcə fiziki inkişafı üçün yox, həm də psixoloji inkişafı üçün işlər görülməlidir:

“Hesab edirəm ki, orta məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsinə, dünya təcrübəsinin tətbiqinə ciddi şəkildə ehtiyac var. Əsasən də ştat vahidlərinin sayı artırılmalıdır və ancaq bu sahə üzrə ali təhsili olanlar işə qəbul edilməlidir”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti