Bakı. Trend:
Hesabat dövründə xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılmış, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunmuş, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilmiş, 1 nəfərə irad tutulmuş, 1 nəfər tutduğu vəzifədən azad edilib.
Bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Bakı şəhərinin prokurorluq orqanları bu ilin birinci yarımilliyi ərzində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirədə deyilib.
Azərbaycanın Baş prokuroru Kamran Əliyev müşavirədə daxili işlər və digər hüquq mühafizə orqanları ilə işgüzar münasibətlərin davam etdirilməsi, ötən illərdən bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması, maddi ziyanın ödənilməsi, ərizə və müraciətlərə baxılması zamanı vətəndaş məmnunluğunun təmin olunması, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması istiqamətində konkret tapşırıqlar verib.