Bakı. Trend:
"Micon” International Co Limited Şirkətinin 2016-cı ildə hazırlanmış sianidin idarəedilməsi planı mövcuddur, lakin planın yenilənməsi tövsiyə edilir.
Trend xəbər verir ki, bu barədə Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın bu gün keçirilən iclasında qeyd edilib.
Bildirilib ki, əsas emal müəssisələrində qurğu və avadanlıqların köhnə olduğundan, mədən sahəsinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün istismar, ekoloji, sosial və təhlükəsizlik istiqamətlərində investisiya yatırımı tələb olunur.
Eyni zamanda, ərazidə monitorinqlərin aparıldığı, qeydə alınan risklərin araşdırıldığı və əhalini narahat edən məsələlərlə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi istiqamətində “Azərbaycan Beynəlxalq Mədən Şirkəti” qarşısında insan sağlamlığına, texnogen təhlükəsizliyə, istehsalatın modernləşdirilməsinə aid bir sıra tələblərin qoyulduğu və tövsiyələrin verildiyi qeyd olunub.
“Azərbaycan Beynəlxalq Mədən Şirkəti” ərazidə monitorinq keçirən “Micon” International Co Limited Şirkətinin təhlil və tövsiyə xarakterli hesabatı ilə tanış olub və hesabatda göstərilənlərlə razılaşaraq qeyd olunan tövsiyə və tapşırıqların icrası ilə bağlı müvafiq icra qrafiklərinin qısa müddət ərzində hazırlanmasını və təqdim olunmasını öz üzərinə götürüb.
Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün komissiya yaradılıb. Komissiyaya Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılmasını təmin etmək, eləcə də monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.