Bakı. Trend:
Qazaxıstan nümayəndələri Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak edəcəklər.
Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Astronavtika Federasiyasının (IAF) prezidentinin müşaviri Dominik Tilmans IAF-ın 13-cü beynəlxalq sessiyasının iclası çərçivəsində mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, Bakıda baş tutan görüş kosmik sənaye baxımından çox maraqlı və əhəmiyyətli olub.
"Sabah, yəni Beynəlxalq Astronavtika Konqresinin ilk günü Bakıya Qazaxıstandan nümayəndələr gələcək. Onları bu tədbirdə görməyə şad olarıq", - deyə D.Tilmans bildirib.
Qeyd edək ki, Beynəlxalq Astronavtika Federasiyasının Nazirlər və parlament üzvləri üçün (MMOP) beynəlxalq konqresi 2009-cu ildən etibarən təşkil edilir.
Sayca 13-cü toplantı oktyabrın 2-dən 6-dək ölkəmizin ev sahibliyi edəcəyi 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi ərəfəsində keçirilir.
Paytaxt Bakı 1950-ci ilin oktyabr ayından etibarən keçirilən bu mötəbər tədbirə ev sahibliyi hüququnu 2019-cu ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasına keçirilən seçkilər zamanı qazanıb.
Ölkəmiz bu tədbirə ilk dəfə 1973-cü ildə Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə ev sahibliyi edib.