Bakı. Trend:
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə Daşkənddə Türk Dünyası Kinematoqrafçılarının Assosiasiyası yaradılıb.
Trend TÜRKSOY-a istinadən xəbər verir ki, təsis iclasında türkdilli ölkələrin kino sənayesinin rəhbərləri iştirak ediblər.
Məlumata görə, tədbirdə Azərbaycan Respublikası Kino Agentliyinin rəhbəri Orxan Fikrətoğlu, "Qazaxfilm"in prezidenti Azamat Satıbaldı, Özbəkistan Kinematoqrafiya Agentliyinin rəhbəri Firdavs Abduhalikov, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Kino İdarəsinin baş direktoru Erkin Yılmaz, Qırğızıstan Kinematoqrafiya Departamentinin direktoru Akjol Bekbolotov, eləcə də TÜRKSOY-un kinematoqrafiya üzrə nümayəndəsi Salim Ezer iştirak edib.
Assosiasiya türk dünyasının kino sənətinin dirçəlişi, birgə kino layihələrinin yaradılması, yeni filmlərin birgə istehsalı, eləcə də ən yaxşı filmlərin beynəlxalq arenaya çıxarılması, türkdilli dövlətlərin filmləri üçün vahid kino icarə sisteminin yaradılması məqsədilə yaradılıb.
Daşkənd Beynəlxalq Kino Festivalının və "Qorqud Ata" Beynəlxalq Kino Festivalının səviyyəsinin dünya standartlarına çatdırılması prioritetlərdən biridir.
Məlumata görə, gələcəkdə Türk Dünyası Kino Akademiyasının yaradılması da nəzərdə tutulur. Akademiya türk xalqlarının birgə kino layihələri üçün platforma olaraq çıxış edəcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)