Bakı. Trend:
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və “Enactus Azərbaycan”ın təşkilatçılığı ilə keçirilən “2024-cü il Enactus Azərbaycan Milli Yarışı” uğurla yekunlaşıb.
Trend xəbər verir ki, Bakı Gənclər Mərkəzində keçirilən Milli Yarışın final mərasimində “Enactus” proqramının ölkə üzrə rəhbəri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Rəşad Zeynalov açılış nitqində 2022-2024-cü illərdə görülən işlər, komandaların hazırlıq prosesi və yaxınlaşan “Enactus” Dünya Kuboku barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən qonaqlar - Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən və “Enactus Azərbaycan” İdarə heyətinin sədri Qədir Xəlilov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Proqramlar sektorunun müdiri Nərmin Aslanbəyova və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli - dövlətin gənclər siyasətinin əsas istiqamətlərindən birinin gənclərin savadlı yetişdirilməsi olduğunu vurğulayıblar. Onlar, həmçinin təhsil sistemində aparılan islahatların və müasir dövrün tələblərinə uyğunlaşdırılmasının əhəmiyyətini qeyd ediblər və “Enactus” kimi layihələrin tələbə gənclərin bilik və bacarıqlarının inkişafında mühüm rol oynadığını bildiriblər.
Yarımfinal mərhələsində münsiflərin qiymətləndirməsi nəticəsində 24 komanda arasından finala vəsiqə qazanan ali məktəblər - Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Enactus” komandaları layihələrini təqdim edib və münsiflərin suallarını cavablandırıblar.
Münsiflər heyətinin qərarı ilə Naxçıvan Dövlət Universitetinin “Enactus” komandası qalib elan olunub və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə oktyabrın 2-4-də Qazaxıstanın Astana şəhərində keçiriləcək “Enactus” Dünya Kubokunda Azərbaycanı təmsil etmək hüququ qazanıb.
Bundan əlavə, Bakı Ali Neft Məktəbinin “Enactus” komandası ikinci, Bakı Dövlət Universitetinin komandası isə üçüncü yerə layiq görülüb.
Tədbirin sonunda qalib komandalar mükafatlandırılıb.
Qeyd edək ki, “Enactus” dünyada gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirərək daha yaxşı bir dünya yaratmağa yönəlmiş ən böyük təcrübə və öyrənmə platformasıdır. “Enactus” gənclərə nəzəri biliklərini praktikada tətbiq etmək, biznes, təhsil və sosial layihələr həyata keçirmək üçün imkan yaradır və sahibkarlığı təşviq edir. “Enactus” proqramı 1975-ci ildə ABŞ-da təsis olunub və Azərbaycanda bu proqram Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən həyata keçirilir.