Bakı.Trend:
Bakıda mobilliyin transformasiyası çərçivəsində görülən işlərin məqsədi vətəndaşların rahatlığı və təhlükəsizliyini təmin etməkdir. Bu proses səmərəli ictimai nəqliyyat sisteminin formalaşması, infrastrukturun yaradılması və yenilənməsini nəzərdə tutur. İslahatlar kompleks şəkildə aparılır.
Trend xəbər verir ki, bunu bu gün "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, mühim dəyişikliklərdən biri paytaxt küçələrində xüsusi hərəkət zolaqlarının yaradılmasıdır.
"Aparılan monitorinqlərin nəticəsinə əsasən, avtobusların marşrut üzrə gediş vaxtı bəzi küçələrdə 18-22 dəqiqəyə qədər azalıb, əksər hallarda interval qısalıb, sərnişinlərin sayı isə əhəmiyyətli dərəcədə artıb. Hazırda ümumi uzunluğu 100 km-dən çox olan xüsusi zolaqlar paytaxtın 30-dan çox küçə və prospektini əhatə edir. Bu zolaqlarla hərəkət edən avtobuslarla gün ərzində 900 minə yaxın sərnişin daşınır. Xüsusi zolaqların təşkili prosesi davam edir", - deyə o qeyd edib.