Ağdərə. Trend:
Ağdərə rayonunun Suqovuşan kəndində fəaliyyətə başlayan məsciddə eyni vaxtda 100-ə yaxın insan ibadət edə biləcək.
Trend xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin İcmaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.
“Bununla yanaşı, məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. İbadət ocağının daxilində xüsusi bəzək elementlərindən istifadə olunub, həyəti də yaşıllaşdırılıb.
Bu məsciddə yaradılan şərait bir daha təsdiqləyir ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının təşəbbüsünə və tapşırıqlarına əsasən, paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilib və ya əsaslı şəkildə bərpa edilib”, - o bildirib.
Qeyd edək ki, işğal zamanı məscidlərimiz vəhşiliklə dağıdılıb, 67 məsciddən 65-i məhv edilib. İşğaldan azad olunmuş ərazilərimizdə hazırda aparılan geniş quruculuq işləri çərçivəsində yeni məscidlərin inşası da mühüm yer tutur. Suqovuşan kəndindəki məscidin tikintisi, eyni zamanda, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.