Bakı. Trend:
Milli Məclisdə uşaqların sosial şəbəkələrdən istifadəsi məsələsinin müzakirəyə çıxarılması bir daha göstərdi ki, cəmiyyət rəqəmsal dövrün ən həssas suallarından biri ilə üz-üzədir. Statistikaya görə, uşaqların 63 faizi artıq sosial şəbəkələrdən aktiv istifadə edir və bu, təkcə texnoloji yox, həm də sosial və psixoloji problem kimi gündəmdədir.
Rəqəmsal dövrün həssas dilemması
Bir tərəfdən sosial şəbəkələrə girişlə bağlı məhdudiyyətlərin tətbiqi təklif olunur, digər tərəfdən isə ölkədə təhsilin sürətlə rəqəmsallaşması prosesi gedir: şagirdlər dərslərdə telefondan istifadə edir, imtahanlar onlayn platformalara keçirilir, təhsilin gələcəyi rəqəmsal formatda qurulur. Bu ziddiyyətli fonda əsas sual budur: uşaqların sosial şəbəkələrə çıxışı necə tənzimlənməlidir ki, həm təhlükəsizlik təmin olunsun, həm də təhsildə rəqəmsallaşma prosesi ləngiməsin? Daha vacib məqam isə texnologiyanın qadağa aləti yox, inkişaf vasitəsinə çevrilməsidir: şagirdləri telefon və kompüterdən yalnız əyləncə üçün deyil, bilik və bacarıqlarını artırmaq üçün istifadə etməyə necə təşviq etmək olar və onları zərərli kontentdən qorumaq üçün hansı real mexanizmlər mövcuddur?
Təhsil sistemində rəsmi yanaşma və təhlükəsizlik mexanizmləri
Trend-ə Elm
və Təhsil Nazirliyindən mövzu ilə bağlı bildirilib ki, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 iyun tarixli 300
nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən
yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin
5.15.8-ci bəndinə əsasən, ümumi təhsil müəssisəsinin direktoru
təhsil müəssisəsinin daxili intizam qaydalarını təsdiq
edir:
“ Ümumi təhsil müəssisələrində tətbiq edilən həmin intizam qaydalarının müvafiq bəndlərinə əsasən, tədrislə bağlı və xüsusi hallar istisna olmaqla təhsilalanların tədris prosesi zamanı ağıllı telefon və digər cihazlardan istifadə etməsi qadağandır. Bununla yanaşı, ümumi təhsil müəssisələrində şagirdlər tədris prosesində və məktəbdaxili qiymətləndirmələr zamanı kompüterdən istifadə edirlər ki, həmin kompüterlərdə müvafiq təhlükəsizlik mütəmadi təmin olunmaqdadır”.
Nazirlikdən bildirilir ki, ümumi təhsil müəssisələrində istifadədə olan İnformatika, Həyat bilgisi və əsasən də Azərbaycan dili dərsliklərində media savadlılığının artırılması üçün bir çox materiallar yer alır:
“Bu materialların tədrisi zamanı təhsilalanlarda izlədikləri, eşitdikləri və oxuduqlarını təhlil etmə, tənqidi qiymətləndirmə bacarıqları formalaşdırılır, mediayaya dair təcrübələrini genişləndirmək üçün imkanlar yaradılır. Həmçinin media manipulyasiyası, dezinformasiya, zorakılıq, kiberbullinq kimi medianın mənfi tərəfləri ilə mübarizə aparmağın yolları açıqlanır. "Rəqəmsal məktəb" platforması vasitəsilə də şagirdlərdə rəqəmsal savadlılıq və kibertəhlükəsizliklə bağlı maarifləndirmə işləri aparılır”.
Qeyd edilib ki, ümumi təhsil müəssisələrinin müəllim, şagird və valideynləri kibertəhlükəsizlik və əlaqəli mövzularla bağlı mütəmadi olaraq maarifləndirilirlər.
Mütəxəssis rəyləri: risklər, psixoloji təsirlər və balans modeli
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Elnarə Akimova bildirir ki, Milli Məclisdə uşaqların sosial şəbəkələrdən istifadəsi məsələsinin müzakirəyə çıxarılması cəmiyyət üçün son dərəcə aktual və vacib mövzudur:
“Rəsmi statistikaya görə, hazırda uşaqların 63 faizi sosial şəbəkələrdən istifadə edir ki, bu göstərici artıq məsələnin fərdi ailə problemi deyil, ümummilli sosial çağırış olduğunu göstərir. Rəqəmsal mühitin sürətlə genişlənməsi uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilsə də, bu proses ciddi risklər də yaradır. Mütəxəssislərin fikrincə, sosial şəbəkələrdə yaşa uyğun olmayan məzmun, kiberzorakılıq, psixoloji təzyiq və manipulyasiya halları uşaqların emosional inkişafına mənfi təsir göstərir. Eyni zamanda, uzunmüddətli və nəzarətsiz istifadə diqqət dağınıqlığı, asılılıq, aqressiya və sosial təcrid kimi problemlərə yol açır. Bu səbəbdən sosial şəbəkələrə girişlə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklifi gündəmə gətirilib”.
Elnarə Akimova bildirib ki, sərt və tam qadağalar gözlənilən effekti verməyə bilər:
“Texnologiya ilə erkən yaşdan tanış olan uşaqlar məhdudiyyətləri
asanlıqla aşmaq yollarını tapa bilir, bu isə istifadənin daha gizli
və nəzarətsiz formaya keçməsinə səbəb olur. Sosial şəbəkələr eyni
zamanda məlumat əldə etmək, ünsiyyət qurmaq və dünyagörüşünü
genişləndirmək baxımından da müəyyən imkanlar yaradır.
Bu baxımdan, məsələ qadağadan daha çox tənzimləmə və nəzarət
mexanizmlərinin qurulmasını zəruri edir. Beynəlxalq təcrübə
göstərir ki, yaşa uyğun giriş qaydaları, valideyn nəzarətinin
gücləndirilməsi, vaxt limitləri və məzmun filtrləri uşaqların
rəqəmsal mühitdə daha təhlükəsiz iştirakını təmin edə bilər.
Paralel olaraq məktəblərdə rəqəmsal savadlılıq və media etikası ilə
bağlı maarifləndirici proqramların tətbiqi də mühüm əhəmiyyət
daşıyır.
Uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı müzakirələrin əsas məqsədi texnologiyanı tamamilə məhdudlaşdırmaq deyil, onu düzgün və təhlükəsiz istifadə etmə mədəniyyətini formalaşdırmaq olmalıdır. Milli Məclisdə bu mövzunun gündəmə gətirilməsi dövlətin uşaqların psixoloji və sosial rifahına göstərdiyi diqqətin göstəricisidir. Qəbul ediləcək qərarların elmi əsaslara, mütəxəssis rəylərinə və real statistik göstəricilərə söykənməsi isə bu sahədə balanslı və effektiv nəticələr əldə olunmasına imkan verə bilər”.

Psixoloji xidmətin gündəlik təcrübəsi - məktəb psixoloqları nə ilə məşğuldur?
165 nömrəli tam ümumtəhsil məktəbin psixoloqu Ulduz Həsənova isə mövzu ilə bağlı açıqlamasında məktəbdə psixoloji xidmət çərçivəsində şagirdlərlə mütəmadi olaraq maarifləndirici və profilaktik işlər aparıldığını vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə müxtəlif yaş qruplarının xüsusiyyətləri nəzərə alınmaqla fərdi və qrup məşğələləri, söhbətlər, interaktiv oyunlar və diaqnostik fəaliyyətlər təşkil olunur:
“İş prosesində əsas diqqət şagirdlərin emosional rifahına, sağlam ünsiyyət bacarıqlarının formalaşdırılmasına, təhlükəsiz davranış qaydalarına, eləcə də yarana biləcək çətinliklərin vaxtında aşkarlanmasına və aradan qaldırılmasına yönəldilir. Bununla yanaşı, il ərzində müəyyən mövzular üzrə açıq dərslər, seminarlar və məlumatlandırma görüşləri keçirilir. Tədbirlər zamanı şagirdlərə mövzu ilə bağlı praktik tövsiyələr verilir, onların sualları cavablandırılır və maarifləndirici materiallar təqdim olunur”, psixoloq qeyd edib.
