Azərbaycanda 800-dən çox iri və kiçik göl var ki, bunun da 200-ü təbii göllərdir. Yerdə qalan göllər neft məhsulları və məişət tullantıları ilə çirklənib. Trend in xəbər verdiyi kimi, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər dənizinin kompleks ekoloji monitorinq idarəsini başçısı Lətifə Hüseynova məlumat verib.
Onun sözlərinə görə, ən ağır vəziyyət Böyükşor gölündə müşahidə edilir. Bura hər gün 18 min m2-dən çox istehsalat-məişət tullantıları atılır.
Hazırda bu gölün qurudulması üzrə işlərə başlanıb. İndiyədək təxminən 15 min ha sahə qurudulub və torpaqla örtülüb. Təxminən 83 min ha sahə qurudulsa da, torpaqla örtülməyib.
"Ən böyük problem bundan ibarətdir ki, infrastrukturlar inkişaf etsə də, ətraf mühitin qorunması üçün ekoloji, hidrotexniki qurğular inşa edilmir", - deyə o vurğulayıb.
O qeyd edib ki, 5 il ərzində Xəzərin sahil xəttində aparılmış tədqiqatların nəticələri müsbət olmayıb. "SSRİ vaxtından bəzi yerlər çirklənmiş vəziyyətdədir. Torpaq əsasən hələ sovet döründən bəri neft məhsulları ilə çirklənib", - deyə o sonda bildirib.