Dünya Azərbaycanlıları Konqresi (DAK) "Əl-Əhvaz" Ərəb Millətinin Demokratik Cəbhəsinin İran əleyhinə keçirəcəyi kütləvi etiraz aksiyalarında iştirak edəcək. Bu barədə Trend ə DAK sədri Cavad Derəxti məlumat verib.
O bildirib ki, İranda yaşayan qeyri-fars millətlərinə, o cümlədən ərəblərə qarşı təzyiq siyasətinə, 10 nəfər ərəbə edam hökmünün çıxarılmasına etiraz olaraq İsveçrənin paytaxtı Berndə İran səfirliyinin qarşısında mitinq keçiriləcək. Cavad Derəxti DAK-ın "Əl-Əhvaz" Ərəb Millətinin Demokratik Cəbhəsi və İranda yaşayan ərəblərin bu aksiyasına dəstək verdiyini deyib.
C.Derəxtinin sözlərinə görə, İran rejimi atom silahı məsələsi ilə dünyanın diqqətini etnik məsələlərdən yayındırmağa çalışır: "Lakin İran yaxın zamanlarda böyük etnik zəlzələyə məruz qalacaq, bu dövlət sistemi orada yaşayan millətlərin iradəsi qarşısında təslim olacaq. Bu gün başda 35 milyonluq Güney Azərbaycan türkləri olmaqla, milyonlarla ərəb, kürd, türkmən, bəluç və başqa millətlər ayağa qalxmaqdadır. Buna görə də rejim edamlar vasitəsilə öz ömrünü uzatmağa çalışır. Dünya Azərbaycanlıları Konqresi ərəb xalqının ağrısını öz ağrısı hesab edərək günahsız insanlara verilən çahil edam hökmlərinin dayandırılması üçün bütün azadlıqsevər insanları "Əl-Əhvaz" Ərəb Millətinin Demokratik Cəbhəsi tərəfindən keçirilməkdə olan silsiləvi milli aksiyalara qatılmağa çağırır"-deyə C.Derəxti vurğulayıb.