...

Teleradio Şurasının sədri: "ANS-in tezliyi ilə bağlı aprelin 27-də qərar çıxarılacaq"

Cəmiyyət Materials 17 Aprel 2007 14:47 (UTC +04:00)
Teleradio Şurasının sədri: "ANS-in tezliyi ilə bağlı aprelin 27-də qərar çıxarılacaq"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ ANS teleradio kanalının tezliyinə elan olunmuş müsabiqənin ikinci yekunlarına aprelin 27-də baxılacaq. Bu barədə çərşənbə axşamı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli açıqlama verib.

Onun sözlərinə görə, Teleradio Şurasının apelin 27-də keçiriləcək iclasında ANS-in tenderin qalibi elan edilib-edilməməsinə dair yekun qərar çıxarılacaq.

Məhərrəmli onu da deyib ki, tezliklərə müsabiqə elan olunması haqqında yeni qanun layihəsi işlənib hazırlanıb və Prezident Aparatına göndərilib. Məhərrəmlinin sözlərinə görə, yeni qanun layihəsində tenderin şərtlərinə yenidən baxılıb. Lakin Şura sədri bunun təfərrüatlarını açıqlamayıb.

Xatırladaq ki, fəaliyyətində qanun pozuntularına yol verməsi əsas gətirilərək ötən ilin sonunda ANS kanalının yayımı dayandırıldı və tezliyinə tender elan olundu. Sonra kanalın yayımı bərpa edildi və keçirilən müsabiqədə ANS özü iştirak etdi. Lakin qanunun tələblərinə görə, müsabiqədə ən azı üç iştirakçının olması nəzərə alınaraq, tenderin nəticəsi tanınmadı və növbəti dəfə müsabiqə elan olundu. İkinci müsabiqədə də ANS yeganə iştirakçıdır.

Xəbər lenti

Xəbər lenti