...

ATƏT nümayəndəsi bəyan edir ki, Azərbaycandakı KİV-lərin davamlı şəkildə təqib edilməsi onların mövcudluğuna təhlükə yaradır

Cəmiyyət Materials 23 May 2007 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend E.Hüseynov/ ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti (Miklos Haraszti) Azərbaycanın iki aparıcı müstəqil qəzetinin yerləşdiyi ofisdən çıxarılması və onların həbsdə olan baş redaktoru Eynulla Fətullayevə qarşı yeni prosedurlarla balğı öz narahatçılığını ifadə edib. Bu barədə çərşənbə günü Haraştinin ATƏT-in saytındakı bəyanatında deyilir.

Mayın 20-də "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin əməkdaşları Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən redaksiyaların yerləşdiyi ofisdən çıxarılıb. Bu üzdən də qəzetlər çapa getməyib və onların nə vaxt işıq üzü görəcəyi də bəlli deyil.

"Bu köçürülmə Azərbaycanın böyük və çox populyar qəzetlərini iflic vəziyyətinə salır. Bu, açıq-aşkar onları susdurmaq cəhdidir. Bu, müstəqil jurnalistikanın məhvinə yönəlmiş kampaniyanın tərkib hissəsidir" -deyə Haraşti bəyanatında vurğulayıb.

O həmçinin qeyd edib ki, FHN köçürməni 13 mərtəbəli binada mövcud "struktur defektləri" ilə əlaqəli olduğunu izah etsə də, digər icarədarlar buradan köçürülməyib.

"Mən həmçinin informasiya aldım ki, qəzetlərin serverləri və arxivləri Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən yoxlanılır. Bütün bunlar müstəqil KİV-lərə qarşı əvvəllər yer alan ayrı-seçkilik münasibətinin çərçivələrindən çıxan açıq repressiv mövqeyin göstəricisidir" - deyə Haraşti vurğulayıb.

Xəbərlərə görə, redaksiyalarda yoxlanmaların aparılması üçün sanksiyalar Eynulla Fətullayevə qarşı yeni cinayət işinin əsasında verilib. Fətullayev ötən ay Xocalı şəhərindəki fəciəni təhrif və yerli sakinləri təhqir etdiyi üçün həbs olunub.

"Mən hakimiyyətə müraciət edərək xahiş edirəm ki, Azərbaycanda qalan azad mətbuata qarşı təqiblər dayandırılsın və "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin fəaliyyətinin bərpası təmin edilsin" - deyə Haraşti bildirib.

Bu, son ay ərzində Haraştinin artıq sayca üçüncü müraciətidir. Bu müraciətdə o, Azərbaycanda KİV azadlığı sahəsindəki vəziyyətin pisləşməsindən narahatçılığını ifadə edir. Hazırda Azərbaycanda həbsdə 7 jurnalist var. Onlar əsasən böhtan ittihamı ilə həbs olunub.

Xəbər lenti

Xəbər lenti