...

Rövnəq Abdullayev: Azərbaycanda ötən dörd il ərzində futbolun kütləviliyi artırılıb

İdman Materials 9 Mart 2012 11:21 (UTC +04:00)
Azərbaycanda ötən dörd il ərzində futbolun kütləviliyi artırılıb. Trend-in məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev cümə günü qurumun hesabat-seçki konfransında çıxışı zamanı deyib.
Rövnəq Abdullayev: Azərbaycanda ötən dörd il ərzində futbolun kütləviliyi artırılıb

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda ötən dörd il ərzində futbolun kütləviliyi artırılıb. Trend-in məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev cümə günü qurumun hesabat-seçki konfransında çıxışı zamanı deyib.

Abdullayevin sözlərinə görə, 2008-ci ildə 1500 uşaq futbol tədrisi ilə məşğul olurdusa, hazırda 25 min qeydiyyatda olan uşaq təhsil alır. 2008-ci ildən müxtəlif yaş qruplarında olan yığmalar müntəzəm beynəlxalq yarışlarda iştirak ediblər.

Abdullayev futbol infrastrukturunun yaradılması işlərinin görüldüyünü qeyd edərək bildirib ki, bu sahənin daha da inkişaf etdirilməsinə ehtiyac var.

Son 4 ildə 76 uşaq meydançası istifadəyə verilib və həmin meydançalar pulsuz xidmət göstərir.

Abdullayev, həmçinin bildirib ki, klublar da infrastruktur işlərinə böyük sərmayə qoyur.

"İnanıram ki, bir neçə ilə hər klubun özünün standartlara cavab verən bazası olacaq. Bu da klublara cəlb olunan gənclərin sayını xeyli artıracaq", - AFFA prezidenti deyib.

Onun sözlərinə görə, hazırda 3 stadionun tikintisi üzrə işlər aparılır.

O, əsasən 65 min yerlik Olimpiya stadionunun tikintisini qeyd edib. Həmçinin "8-ci kilometr" qəsəbəsində 12 min yerlik stadion, "20-ci sahə"də 5 min yerlik stadion yay aylarında təhvil veriləcək.

Tofiq Bəhrəmov adına Respublika stadionu isə ən müasir formada yenilənir, Azərbaycanda keçiriləcək 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatına kimi bu stadion təhvil veriləcək.

Tədbirdə sonra AFFA-nın UEFA-ya ünvanladığı məktub oxunub. Məktubda 2011-ci ildə Azərbaycanda futbolun inkişafı ilə bağlı görülən işlərdən danışılıb.

Xəbər lenti

Xəbər lenti