...

Avropa Olimpiya Komitəsinin prezidenti: Bakı ilk Avropa Oyunlarını çox mükəmməl səviyyədə, layiqincə keçirəcək

İdman Materials 22 Noyabr 2014 00:43 (UTC +04:00)
Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayıb.
Avropa Olimpiya Komitəsinin prezidenti: Bakı ilk Avropa Oyunlarını çox mükəmməl səviyyədə, layiqincə keçirəcək

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayıb.

Trend-in məlumatına görə, iki gün davam edəcək tədbirin rəsmi açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası qarşıdakı dövrdə həllini gözləyən bir çox məsələlərin müzakirə olunması və həyata keçirilməsi baxımından mühüm tədbirdir. Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin, beynəlxalq idman qurumlarının rəhbərlərinin iştirak etdikləri Assambleyada "Olimpiya Oyunları", "Marketinq və rabitə", "İdman hamı üçün", "Olimpiya mədəniyyəti və irsi", "Tibb və antidopinq", "İdmanda gender bərabərliyi" və digər mövzularda hesabat məruzələri, o cümlədən ilk Avropa Oyunları barədə məlumat və "Bakı-2015" Əməliyyat Komitəsinin hesabatı da dinləniləcək. 2016-cı il Yay Olimpiya, XXIII Qış Olimpiya oyunlarına və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxildir.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladılar.

Dövlətimizin başçısı və xanımı Avropa Olimpiya Komitəsinin rəhbər heyəti ilə görüşdülər.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış edərək dedi: "Böyük iftixar hissi ilə bir daha Bakıya gəlməkdən məmnunluğumu ifadə edirəm. Cənab Prezident İlham Əliyev, Mehriban xanım Əliyeva, məni və həmkarlarımı belə səmimiyyətlə qarşıladığınıza görə minnətdarlığımı bildirirəm. Mən dəfələrlə Bakıda olmuşam və hər dəfə buraya gələndə sanki öz doğma evimə gəldiyimi hiss edirəm. "Eurovision" hamımızı ruhlandırıb.

Cənab Prezident Əliyev, Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri kimi Sizə minnətdarlığımı bildirirəm. Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının gözəl, füsunkar Bakı şəhərində mükəmməl səviyyədə təşkil etdiyinizə görə minnətdaram. Bu, təbii ki, ən yüksək standartlara cavab verir. Mən bunu gələn il "Bakı-2015" ilk Avropa Oyunlarında da görəcəyimizə inanıram.

Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyeva, bu gün bu tədbirdə iştirakınıza görə Sizə öz minnətdarlığımızı bildiririk.

Hörmətli əziz dostlar, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın burada olması məni xüsusilə məmnun edir. Biz çox şadıq ki, siz çox gərgin iş qrafikinizdən vaxt tapıb Avropa Olimpiya Komitəsinin Baş Assambleyasına təşrif buyurmusunuz. Sizin hamınızdan cənab Tomas Baxı Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasına gəldiyinə görə sürəkli alqışlamağı xahiş edirəm.

Ümid edirəm, hamınız Bakıda olacağınız müddətdən zövq alacaqsınız. Bakı çox füsunkar və ecazkar bir şəhərdir. Burada əvvəl olmayanlar da əminəm, bu səfərdən sonra yekdilliklə söyləyəcəklər ki, Bakı həqiqətən də gələn il ilk Avropa Oyunlarını çox mükəmməl səviyyədə, layiqincə keçirəcək. Azərbaycanın ev sahibliyi əminəm ki, burada qalacağınız günlərdə ürəyinizcə olacaq. Amma çox da arxayın olmamalıyıq, çünki görəcəyimiz işlər də var".

Onun sözlərinə görə, Baş Assambleyanın toplantısı Olimpiya hərəkatında çox mühüm bir məqama təsadüf edir: "Məhz 14 aydır ki, Tomas Bax Beynəlxalq Olimpiya Komitəsinin prezidenti seçilib və indi biz artıq onun rəhbərliyi ilə çox mühüm tarixi bir məqama çatırıq - 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarının proqramı tezliklə müəyyənləşdiriləcək. Cənab prezident Bax, biz Avropa Olimpiya Komitəsinin rəhbərləri sizi dəstəkləyirik. Gəlin, öz işimizə başlayaq və 43-cü Baş Assambleyada atacağımız mühüm addımlarla Avropa Olimpiya Komitəsinin zəngin tarixinə öz töhfəmizi verək".

Sonra Patrik Hikki Avropa Olimpiya Komitəsinin xatirə hədiyyələrini Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim etdi.

Daha sonra Patrik Hikki idman karyerası ərzində bir çox uğurlara nail olan, dünyada idmanın inkişafında mühüm xidmətlər göstərən, Olimpiya ideallarına sadiqliyi ilə seçilən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa Avropa Olimpiya Komitəsinin "Şöhrət" medalını təqdim etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti