Azərbaycan, Bakı, 3 sentyabr /Trend/
Fransanın Eqebelet şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli akademik avarçəkmə üzrə dünya çempionatında 1/4 final yürüşləri keçirilib.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkəmizi təmsil edən Aleksandr Aleksandrov - Boris Yotov dueti 2 nəfərlik qayıqla (M2X) 2000 metr məsafəyə yürüşdə finişə 6 dəqiqə 22,09 saniyəyə çatıb.
Onlar 3-cü yeri tutaraq, xorvatiyalı Martlin Sinkoviç - Valent Sinkoviç (6:18.48) və kubalı Eduardo Rubio Rodriges - Adrian Oquendo İbanyes (6:20.82) cütlükləri ilə birgə yarımfinala, yəni 12 ən güclü duet arasına yüksəliblər. Növbəti mərhələdə rəqiblər Nils Yakob Hoff - Kyetil Borx (Norveç), Martin Sinkoviç - Valent Sinkoviç (Xorvatiya), Robert Menson - Kris Harris (Yeni Zelandiya), Ceyms Makrey - Aleksandr Belonoqov (Avstraliya) Cakomo Centli - Romano Battisti (İtaliya) cütlükləri olacaq. Yürüş sentyabrın 4-də Bakı vaxtı ilə saat 13:37-də başlanacaq.
Olimpiadaya lisenziya qazanmaq üçün bu duetlər arasında sonuncu olmamaq kifayət edir. Başqa sözlə, Aleksandrov - Yotov dueti yarımfinalda da ilk "3-lüy"ə düşərək finala yüksələcəyi təqdirdə, həlledici mərhələnin nəticəsindən asılı olmayaraq, lisenziyanı təmin edəcək.
Digər təmsilçilərimizə gəldikdə, qeyri-olimpiya tipli 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) 2000 metr məsafəyə yürüşdə Cavid Əfəndiyev D finalında (19 - 24-cü yerlər) mübarizə aparacaq. Tarixdə ilk dəfə paralimpiyaçı akademik avarçəkənlərin mübarizəsində təmsil olunan Asif Qasımov da eyni yerlər uğrunda yarışacaq.