Bakı. Trend:
Bu gün Qurban Qurbanovun başqa kluba getməyi nəyi dəyişəcək? Zənn edək ki, “Latsio”nun baş məşqçisi təyin edildi, nə olacaq?.
Trend xəbər verir ki, bunu "İdman Bizdə" verilişinin qonağı olan Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.
Veteran futbolçu Avropanın diqqət mərkəzində olan Qurban Qurbanovun “Qarabağ”dan getməsini istəmir. O, 10 qat Azərbaycan çempionu komandada getsə və yeni klubunda uğurlu olmasa, burda qurduğu struktur da çökəcək: “Sən bu gün Azərbaycan futbolunda uğurlu olmaqla, Avropada özünü tanıdırsan. Artıq onu da, “Qarabağ”ı da tanıyırlar. Nə ehtiyac ola bilər ki, qurduğun strukturu dağıdasan? Həm bizim futbola, həm də özünə zərbə ola bilər. Mən bu gün istəmərəm ki, o, “Qarabağ”dan Avropanın hansısa klubuna getsin”.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərliyi altında “Qarabağ” bu mövsüm Avropa Liqasında 1/8 finala yüksəlməyi bacarıb.