Bakı. Trend:
Oyunlar keyfiyyətli şəkildə keçirdi. Təbii ki, əldə etdiyim nəticə potensialımın olduğundan xəbər verir.
Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan millisinin şahmatçısı Ayan Allahverdiyeva deyib.
O, Hindistanın Qandinaqar şəhərində keçirilən gənclər arasında dünya çempionatındakı çıxışını dəyərləndirib. Mundailı bürünc medalla bitirən Allahverdiyeva bildirib ki, nəticəsi daha çox işləməyə ehtiyac olduğunu göstərir: “Ötən il 18 yaşlılar arasında dünya çempionatı ilə müqayisə etsəm, 20 yaşlı şahmatçılar həmişə daha böyük kateqoriya hesab olunur. Ona görə bu uğurumun ötən ilkindən pis olduğunu deyə bilmərəm. Əlbəttə, həmin vaxt dünya çempionu titulunu qazanmışam. Amma bu il əldə etdiyim bürünc medal onu göstərir ki, bir il ərzində zəifləməmişəm və mübarizə aparmağa qadirəm”.
Ayanın sözlərinə görə, çempion olan Divya Deşmuxla qarşılaşmada üstün vəziyyəti əldən verib: “Uduş vəziyyətim var idi. Daha sonra heç-heçə də edə bilərdim. Sadəcə fiquru görmədim, bir anlıq beynim dondu və uduzdum. Elə ən çətin oyunum onunla oldu. Çünki ardıcıl xallar itirmişdim”.
Qeyd edək ki, Allahverdiyeva dünya çempionatında 11 turdan 8,5 xal toplayıb.