...

Azərbaycan güləşçiləri Avropa çempionatında mübarizəni davam etdirir

İdman Materials 7 Aprel 2025 23:04 (UTC +04:00)
Azərbaycan güləşçiləri Avropa çempionatında mübarizəni davam etdirir

Bakı. Trend:

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatına start verilib.

Trend xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kiloqramda finalçılar müəyyənləşib.

Mübarizəyə 1/4 finaldan qoşulan İslam Bazarqanov (57 kiloqram) ötən il Avropa ikincisi olmuş türkiyəli Muhammet Karavuş üzərində inamlı qələbə qazanıb – 8:1. Bazarqanov yarımfinalda rusiyalı Avropa ikincisi Naçın Monquşa 0:5 hesabı ilə məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək. Rəqib İvaylo Tisov (Bolqarıstan) – Manvel Xndzrtsyan (Ermənistan) görüşünün qalibi olacaq.

Əli Rəhimzadə (65 kiloqram) əvvəlcə Dağıstan əsilli belçikalı Ayub Musayevə şans verməyib – 7:2. Həmyerlimiz 1/4 finalda isə almaniyalı Niko Meqerleyə tam üstünlüklə (10:0) qalib gəlib. Rəhimzadə yarımfinalda Çeçenistan əsilli Fransa güləşçisi Xamzat Arsamerzoyevə minimal fərqlə (3:4) uduzub. Əli bürünc medal uğrunda Stefan Koman (Rumıniya) – Andrey Svirid (Ukrayna) görüşünün qalibi ilə güləşəcək.

Kənan Heybətov (70 kiloqram) ilk mərhələdə avstriyalı Benedikt Huberi vaxtından əvvəl məğlub edib – 10:0. Güləşçimiz 1/4 finalda bolqarıstanlı Mihail Georgiyevdən güclü olub – 4:1. Heybətov yarımfinalda rusiyalı dünya çempionu David Bayevə 0:3 hesabı ilə məğlub olub. Kənan üçüncü yer uğrunda ya İsmayıl Musukayev (Macarıstan), ya da Viktor Voynoviç (Serbiya) ilə mübarizə aparacaq.

Orxan Abasov (79 kiloqram) təsnifat mərhələsində Dağıstan əsilli fransalı Zəlimxan Xadjiyevə 5:9 hesabı ilə uduzub.

Abubakr Abakarov (97 kiloqram) ukraynalı Vasil Sovaya “tuş”la (9:5) qalib gəlsə də, 1/4 finalda macarıstanlı Riçard Veqə 2:5 hesabı ilə məğlub olub.

Xəbər lenti

Xəbər lenti