...

PwC-nin iqlim dəyişikliyi ilə mübarizə hədəfləri Elm Əsaslı Hədəflər Təşəbbüsü tərəfindən təsdiqlənib

İqtisadiyyat Materials 30 Sentyabr 2021 16:27 (UTC +04:00)
PwC-nin iqlim dəyişikliyi ilə mübarizə hədəfləri Elm Əsaslı Hədəflər Təşəbbüsü tərəfindən təsdiqlənib

Bakı. Trend:

PwC-nin iqlim dəyişikliyi ilə mübarizə hədəfləri Elm Əsaslı Hədəflər Təşəbbüsü (SBTi) tərəfindən təsdiqlənib.

  • SBTi Təsdiqləmə Komitəsi, PwC-nin 2030-cu ilədək sıfır karbon emissiya hədəflərinə nail olması yanaşmasını və müddətlərini təsdiqləyib
  • Məqsəd işgüzar səfərlərlə bağlı emissiyaların mütləq şəkildə 50% azaldılmasıdır

PwC iqlim dəyişikliyi ilə mübarizə hədəflərinin SBTi tərəfindən təsdiqləndiyini açıqlayıb və 2030-cu ilədək istixana qazı (GHG) emissiyalarının sıfıra endirilməsini təmin etməyə hazır olduğunu təsdiqləyib.

SBTi, 1,5 Cº qlobal istiləşmə ssenarisinə uyğun olaraq, PwC-nin 2030-cu ilədək istixana qazı emissiyalarını 2019-cu il ilə müqayisədə 50% azaltmaq hədəflərini təsdiqləyib. Qeyd etmək vacibdir ki, PwC-nin hədəfləri nəinki 1-ci və 2-ci səviyyələr (birbaşa istixana qazı emissiyaları və dolayı enerji tullantıları), hətta 3-cü səviyyə üzrə (bütün digər dolayı emissiyalar) emissiyaların əhəmiyyətli dərəcədə azaldılmasını əhatə edir.

PwC Qlobal Şəbəkəsinin Prezidenti Bob Moritz:

“İqlim dəyişmələri bu gün planetimizin üzləşdiyi ən aktual problemlərdən biridir. Yeni strategiyamız (The New Equation) çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərinin icrasına hazır olduğumuzu bir daha təsdiqləyirik. 2030-cu ilədək emissiyaların azaldılması ilə bağlı hədəflərimizin SBTi tərəfindən təsdiqləməsindən məmnunam. Müştərilərimiz kimi, biz də maraqlı tərəflərimizin etimadını artırmalı və dayanıqlı inkişaf nəticələri nümayiş etdirməliyik. Fəaliyyətimizin ətraf mühitə mənfi təsirinin azaldılması qeyd olunan hər iki məqsədə nail olmaq üçün vacib elementdir.

SBTi Təşəbbüsünün ən iddialı məqsədlərinə uyğun olan bu yanaşma ilə PwC, öz əməliyyat fəaliyyətinin karbonsuzlaşdırılmasını təmin etməyə və karbon emissiyalarını artırmadan biznes inkişafını nümayiş etdirməyə qərarlıdır.

PwC Şəbəkəsinin Korporativ Məqsəd və Siyasətinin Hazırlanması üzrə Qlobal Praktikasının Rəhbəri Kolm Kelli:

"Müştərilərimizi və təchizatçılarımızı “xalsi sıfır” hədəfinə nail olmaq istiqamətində bizneslərini transformasiya proqramları çərçivəsində dəstəkləyir və 3-cü səviyyə üzrə emissiyaların azaldılması daxil olmaqla, öz əməliyyat fəaliyyətimizin ətraf mühitə mənfi təsirinin azaldılmasının vacibliyini başa düşürük. PwC ən iddialı SBTi hədəflərinə çatmağa hazırdır və 3-cü səviyyə üzrə emissiyanı azaltmaq məqsədimiz qlobal istiləşmənin 1,5 Cº-də saxlanılması ssenarisinə uyğundur."

Qlobal The New Equation strategiyası çərçivəsində PwC şəbəkəsinə daxil olan bütün şirkətlərin qarşısında dəyər zəncirinin karbonsuzlaşdırılması, şəffaflığın artırılması və keyfiyyətli və informativ ESG hesabat mexanizmləri və standartlarının hazırlanmasına kömək etmək üçün biznes modellərin transformasiyası tapşırığı durur. Bundan əlavə, PwC şəbəkəsi öz müştərilərinə və təchizatçılarına iqlim dəyişikliyinə mənfi təsirlərini azaltmağa kömək edir.

PwC-nin hədəfləri aşağıdakı dörd əsas sahəni əhatə edir:

  • Əməliyyat fəaliyyəti: PwC, 1.5 Cº qlobal istiləşmə ssenarisinə uyğun olaraq, karbon tullantılarını, o cümlədən 1-ci və 2-ci səviyyələr üzrə emissiyanı 50% azaldacaq, habelə 2030-cu ilədək işgüzar səfərlərdən yaranan emissiyanı 2019-cu il ilə müqayisədə mütləq şəkildə 50% azaldacaqdır. Bundan əlavə, PwC bərpa olunan enerji mənbələrindən 100% istifadə prosesini sürətləndirəcək və ətraf mühitə təsirini azaltmaq məqsədilə, yüksək keyfiyyətli karbon kreditləri hesabına tullantıların səviyyəsini kompensasiya etməyə davam edəcək.
  • Müştərilər: PwC, həmçinin müştərilərin “xalis sıfır” hədəfinə nail olmaq səylərini dəstəkləmək üçün onlarla birlikdə çalışacaq və karbon emissiyasının sıfıra endirilməsi üçün onlar tərəfindən həyata keçirilən dayanıqlı inkişaf və transformasiya proqramını təkmilləşdirməyə davam edəcək.
  • Təchizatçılar: PwC, “xalis sıfır” hədəfinə nail olmaq proqramlarını təşviq etmək və dəstəkləmək məqsədilə əsas təchizatçıları ilə birgə fəaliyyət göstərəcək. Biz qlobal təchizatçılarımızın yarısının 2025-ci ilədək ətraf mühitə mənfi təsirlərini azaltmaq üçün elm əsaslı hədəflərini formalaşdırmağa səy göstərəcəyik.
  • İqlim dəyişikliyi ilə mübarizə: PwC, “xalis sıfır” karbonlu iqtisadiyyata keçidi sürətləndirmək məqsədilə şirkətlər, siyasətçilər və QHT-lərlə uzunmüddətli araşdırma və əməkdaşlıq proqramının icrasını davam etdirəcək.

2019-cu il üzrə emissiya səviyyəsini baza kimi istifadə edərək, PwC öz əməliyyat fəaliyyəti çərçivəsində emissiyaların azaldılması üzrə hədəflərinin icrası barədə mütəmadi olaraq şəffaf hesabatlar hazırlayacaq və 2023-cü ildən başlayaraq Dünya İqtisadi Forumu/ Beynəlxalq Sahibkarlar Şurası tərəfindən təsdiqlənmiş göstəricilərə, həmçinin Dayanıqlı İnkişaf üzrə Ümumdünya Sahibkarlar Şurasının tövsiyələrinə əsasən istixana qazı emissiyalarının azaldılması sahəsində daha geniş formatda hesabat təqdim edəcək.

PwC-nin “xalis sıfır” karbon emissiyası öhdəliyi barədə daha ətraflı məlumata keçid.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti