...

Laçında hava limanının tikintisi bölgənin beynəlxalq statusunu artıracaq - Səttar Möhbalıyev

İqtisadiyyat Materials 1 Dekabr 2021 13:42 (UTC +04:00)
Laçında hava limanının tikintisi bölgənin beynəlxalq statusunu artıracaq - Səttar Möhbalıyev

Bakı. Trend:

“Bu gün Laçın rayonunun düşmən işğalından azad olunduğu gündür. Bu münasibətlə Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev başda olmaqla bütün xalqımızı öz adımdan, həmçinin həmkarlar ittifaqlarının üzvləri adından təbrik edirəm. Laçın rayon sakinlərinə əbədi yaşayacaqları öz doğma yurdlarında xoş və firavan həyat arzulayıram. İşğala qədər - 18 may 1992-ci ilə kimi əhəmiyyətli geostrateji mövqeyə malik Laçın Azərbaycanın inkişaf etmiş rayonlarından biri olub. Rayon faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Rayonun işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub, dövlət və xüsusi mülkiyyətə zərər yetirilib. Əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

AHİK sədri bildirib ki, ümumiyyətlə, Ermənistan bütün beynəlxalq hüquq normalarını pozaraq işğalla yanaşı, dəhşətli vandalizm aktları törədib: “İşğal sonrası həmin ərazilərə səfərləri təşkil olunmuş xarici diplomatlar və KİV nümayəndələri də bu vəziyyəti müşahidə ediblər. Onlar Laçın rayonunun və onun kəndlərinin coğrafi adlarını dəyişdirməklə özününküləşdirməyə çalışırdılar. Suriyadan olan erməni əsilli qaçqınlar məqsədyönlü şəkildə həmin ərazilərdə yerləşdirilir, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər törədirdilər. Rayonun təbii resursları talan edilirdi, gəlir mənbəyi kimi istifadə olunurdu”.

“Laçın rayonunun işğaldan azad olunması tarixi ədalətin bərpa edilməsidir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistan ordusunu məhv etdi. Bu ölkənin yeganə çıxış yolu kapitulyasiya aktı oldu ki, bununla da diz çökdülər, məğlubiyyətlərini rəsmiləşdirdilər və digər ərazilərimizdən də çıxmaq məcburiyyətində qaldılar. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Hərbi əməliyyatlar gedən vaxtı isə yenilməz Ordumuz noyabrın 9-da Laçının Güləbürd, Səfiyan və Türklər kəndlərini azad etmişdi. Odur ki, Laçın rayonu da digər işğal altında olan ərazilərimiz kimi, nəyin bahasına olursa-olsun azad ediləcəkdi”, - Milli Məclisin deputatı vurğulayıb.

“Hazırda Laçında da yenədənqurma və bərpa işləri sürətlə davam etdirilir. Bu ilin 14 fevral və 16 avqust tarixlərində dövlətimizin başçısı cənab İlham Əliyev Laçın rayonunda səfərdə olub, görülən işlərlə yaxından tanış olub. Burada artıq Güləbird Su Elektrik Stansiyası işə salınıb. Həmçinin uzunluğu 72,8 kilometr təşkil edəcək Kəlbəcər-Laçın avtomobil yolu üzərində altkeçidlər və körpü inşa olunacaq, eləcə də 3 tunelin tikintisi aparılacaq. Həmçinin burada beynəlxalq hava limanının tikintisinə başlanılıb, bu, bölgənin beynəlxalq statusunu artıracaq, sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artmasına gətirib çıxaracaq”, - S.Möhbalıyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti