...

Azərbaycan hazırkı geosiyasi vəziyyətdə mühüm nəqliyyat qovşağı kimi qəbul olunur - Franz Vessiq (Müsahibə)

İqtisadiyyat Materials 17 May 2022 08:00
Azərbaycan hazırkı geosiyasi vəziyyətdə mühüm nəqliyyat qovşağı kimi qəbul olunur - Franz Vessiq (Müsahibə)

Trend-i buradan izləyin

Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan mövcud geosiyasi şəraitdə xüsusilə yeni İpək Yolu, Orta Dəhliz çərçivəsində mühüm nəqliyyat qovşağı kimi qəbul olunur.

Bunu Trend-ə eksklüziv müsahibəsində Bakıda səfərdə olan Avstriya Respublikasının Rəqəmsal və İqtisadi İşlər üzrə Federal Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri Franz Vessiq deyib.

"Səfərimin məqsədi iqtisadi, kənd təsərrüfatı, sənaye, texniki və texnoloji əməkdaşlıq üzrə Avstriya-Azərbaycan birgə komissiyasının 10-cu iclasında iştirak etməkdir. Bakıya həmçinin Avstriyadan biznes missiya da səfər edib. Birgə komissiyanın sonuncu iclası 2018-ci ildə keçirilib. COVID-19 səbəbilə növbəti görüşləri təxirə salmalı olduq. Mən yenidən Bakıda olmaqdan çox şadam. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşümü çox uğurlu hesab edirəm. Biz nəqliyyat kimi çox mühüm əməkdaşlıq istiqamətlərindən danışdıq. Biz Çindən, Mərkəzi Asiyadan Avropaya malların çatdırılması üçün Orta Dəhliz üzrə yükdaşımaların genişləndirilməsi yollarını müzakirə etdik. Hesab edirəm ki, bu, çox perspektivli əməkdaşlıq sahəsidir. Hazırkı geosiyasi vəziyyətdə Azərbaycan xüsusilə yeni İpək Yolu, Orta Dəhliz çərçivəsində mühüm nəqliyyat qovşağı kimi qəbul edilir", - Franz Vessiq qeyd edib.

O, xatırladıb ki, bir neçə gün əvvəl bu kontekstdə Azərbaycanın “ADY Container” şirkəti ilə “Rail Cargo Austria” şirkəti arasında anlaşma memorandumu imzalanıb.

"«Avstriya Dəmir Yolları» vaqonların, lokomotivlərin tədarükündə «Azərbaycan Dəmir Yolları» ilə əməkdaşlıq etmək istərdi. Hansı malların daşınması logistika və ticarət məsələsidir. Biz avadanlıq, mal tədarük etmək istəyirik - bu, Avropanın Çindən hansı məhsulları tələb etməsindən və Avropanın Çinə nə ixrac edə biləcəyindən asılıdır. Bu, həmçinin Avstriya şirkətlərinə ixrac-idxal fəaliyyətlərində kömək edəcək", - o bildirib.

Vessiq qeyd edib ki, əməkdaşlığın digər sahəsi kənd təsərrüfatıdır. Avstriyadan Azərbaycana ən mühüm ixrac məhsullarından birinin də iribuynuzlu mal-qara olduğunu vurğulayan avstriyalı rəsmi, bunun əməkdaşlıq üçün çox perspektivli sahə olduğunu bildirib.

Avstriya nazirliyinin xarici iqtisadi əlaqələr qrupunun rəhbəri vurğulayıb ki, səfərin gündəliyində əsas məsələ bərpa olunan enerjidir.

"Avstriya nəhəng bərpa olunan enerji potensialına malik ölkədir. Avstriyada elektrik enerjisi istehlakının təxminən 80 faizi bərpa olunan enerji mənbələrindən əldə edilir. Məqsədimiz 2030-cu ilə qədər bu rəqəmi 100 faizə çatdırmaqdır. Bu sektorda, xüsusən də hidroenergetika, günəş və külək enerjisi sahəsində çoxlu şirkətlərimiz var. Bu şirkətlərin bəzilərinin nümayəndələri işgüzar görüşlər keçirmək üçün buradadırlar və bizim Energetika Nazirliyində də görüşümüz olacaq. Birgə komissiyanın iclasında biz bərpa olunan enerji sahəsində layihələrdən, xüsusən də yeni su elektrik stansiyalarından danışdıq. Biz bərpa olunan enerji sahəsində əməkdaşlığa dair sənəd layihəsini, su elektrik stansiyaları ilə bağlı konkret təklifləri təqdim etdik. Bu sənəd layihəsi konkret layihələri ehtiva edir. Ola bilsin ki, növbəti görüşdə bərpa olunan enerji sahəsində ilk müqaviləmizi imzaladıq. Avstriya elektrik enerjisi istehsal etmək üçün su elektrik stansiyalarından istifadə etməkdə çoxillik təcrübəyə malikdir. Hidroenergetika ekoloji cəhətdən təmiz enerji istehsalı üsuludur. Su elektrik stansiyası 100 il işləyə bilər. Mən hidroenergetikaya sərmayə qoymağı təklif edərdim”, - deyə Franz Vessiq qeyd edib.

O, hesab edir ki, ilk növbədə ikitərəfli ticarətin həcminin artırılması vacibdir.

"Bu, ikitərəfli ticarət əlaqələrində daha çox etibarı təmin edəcək və növbəti addım investisiya olacaq. Azərbaycanda daha çox Avstriya şirkətləri olmalıdır və biz Avstriyada daha çox Azərbaycan şirkətlərini görmək istərdik. Biz Avstriyaya Azərbaycan sərmayələrini də gözləyirik. Məsələn, Azərbaycanın dövlət neft şirkəti SOCAR Avstriyaya sərmayə qoyub - şirkət Avstriyada yanacaqdoldurma məntəqələri şəbəkəsini idarə edir. Azərbaycanda müxtəlif sektorlarda fəaliyyət göstərən 15 Avstriya şirkəti var və hesab edirəm ki, onlar da sənaye sektorlarına gələcək investisiyalarda maraqlıdırlar. İnanıram ki, gələcək investisiyalar üçün yaxşı potensial və yaxşı imkanlar var”, - deyə Franz Vessiq vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti