...

Füzulidə Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilib (FOTO) (YENİLƏNİB)

İqtisadiyyat Materials 26 Aprel 2023 11:58 (UTC +04:00)
Füzulidə Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilib (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

Füzuli şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzinin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa şəhəri Dövlət Qoruq İdarəsinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Publik Hüquqi Şəxsin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Publik Hüquqi Şəxsin əməkdaşları iştirak edib.

İşçi qrupunun rəhbəri, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icraçı olduğu tədbirlər üzrə görülmüş işlər, o cümlədən yeraltı və yerüstü su mənbələrinin qiymətləndirilməsi, məlumat bazasının və elektron su xəritəsinin hazırlanması, mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı və qiymətləndirilməsi, Qarabağın təbii ehtiyatlar atlası”nın hazırlanması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə rəqəmsal tematik xəritələrin hazırlanması, hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası, yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, mövcud sahələrin genişləndirilməsi, məhv edilmiş meşə sahələrinin bərpası və artırılması, fauna növlərinin reintroduksiyası layihələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında əməkdaşlıq çərçivəsində “Azərbaycan-Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”nin, “Ağıllı Tinglik Təsərrüfatı”nın və “Dostluq meşəsi”nin yaradılması istiqamətində fəaliyyətlər haqqında məlumat verib.

Nazirlik tərəfindən bu tədbirlərin icrası istiqamətində azad edilmiş ərazilərin torpaq-iqlim şəraitinə uyğun olaraq ümumilkdə 160 hektara yaxın sahədə 121 420 ədəd ağac tingi əkilmiş, 3000 kq Palıd və Şərq çinarı toxumu səpilmişdir, yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 hidroloji avtomat stansiya quraşdırılmış və həmin stansiyaların məlumatları mütəmadi qaydada Milli Hidrometeorologiya Xidmətinin situasiya mərkəzinə ötürülərək təhlil olunur.

Füzuli rayonu işğaldan azad edildikdən sonra 62 inzibati ərazi vahidində aparılmış ekoloji monitorinq zamanı Ermənistanın işğalı dövründə meşə fonduna aid olmayan 5 688 ədəd ağac və kolun, 124 hektar meşə fondu sahəsinin meşə ilə örtülü 2 hektarının, 1982-ci ildə qeydiyyata alınmış təbiət abidəsi statuslu 11 ədəd qədim ağacın (Şərq çinarı) hamısı məhv edilmiş, 90-cı illərdə dövlət və sahə balansında qeydiyyata alınmış 6 mineral xammal yatağından 3-nün istismar olunduğu məlum olmuşdur.

İşğaldan azad edilmiş ərazilərdə mineral-xammal ehtiyatlarının qiymətlndirilməsi nəticələrinə görə Füzuli rayonu ərazisində yerləşən Quruçay qum-çınqıl yatağının, Dövlətyarlı əhəngdaşı yatağının, Dilağardı əhəngdaşı yatağının istismar olunduğu, Cəbrayıl dağətəyi düzənliyi yeraltı su hövzəsinə daxil olan Füzuli yeraltı su yatağında yeraltı şirin su quyularının tamamilə məhv edildiyi, rayon ərazisində mövcud olmuş bütün kəhriz sistemləri dağıdıldığı qeydə alınmışdır. Füzuli rayonu ərazisinin geoekoloji və radioaktivlik şəraitinin qiymətləndirilməsi məqsədilə kompleks geoloji tədqiqatlar aparılmış, Füzuli şəhəri və ətraf ərazilərin radioaktivliyi qiymətləndirilmişdir.

İşğaldan azad edilmiş ərazilərdə tikinti quruculuq işlərinin həyata keçirilməsi məqsədilə tikinti materiallarına olan tələbatın ödənilməsi üçün Füzuli rayonu ərazisində yerləşən “Dövlətyarlı” əhəngdaşı yatağının, “Aşağı Güzlək”, “Quruçay”, qum-çınqıl yataqlarının istismarına icazə verilməsi planlaşdırılmışdır.

Füzuli rayonu ərazisində 1 ədəd meteoroloji stansiyanın quraşdırılması məqsədilə cihaz və avadanlıqların alınması üçün podratçı şirkətə sifariş verilmişdir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Füzuli şəhərinin yaxınlığında yaşıllıq sahəsinin salınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılmış 251,1 ha torpaq sahəsinin 60 hektarında torpaq hazırlığı işləri yekunlaşmış və növbəti əkin mövsümündə əkin işlərinin aparılması nəzərdə tutulur.

İşğal dövründə ətraf mühitə dəymiş ziyanın qiymətləndirilməsi, məqsədilə beynəlxalq ekspert qrupunun Azərbaycana səfəri çərçivəsində ekspertlər Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Füzulidə məhv edilmiş təbiət obyektləri və dağıdılmış infrastruktura yerində baxış keçirilmışdir.

İşğaldan azad edilmiş ərazilərdə ekosistemin bərpası məqsədilə meşəbərpa, yeni yaşıllıq sahələrinin salınması, xüsusi mühafizə olunan təbiət ərazilərində infrastrukturun bərpası tədbirləri ilə yanaşı fauna növlərinin reintroduksiyası layihələridə həyata keçirilir. Bu məqsədlə 2022-ci ilin 19-20 oktyabr tarixlərində 33 baş ceyran Cəbrayıl rayonu ərazisinə buraxılmış və hazırda onların izlənilməsi monitorinqi aparılır.

Həmçinin 2022-ci il ərzində Zəngilan, Qubadlı və Füzuli rayonlarının ərazisindən axan Bəsitçay, Həkəriçay, Köndələnçay və Bərgüşad çaylarına 417 500 fərd, eləcə də Suqovuşan və Xaçınçay su anbarlarına 440 000 fərd qızılxallı forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri (ümumilkdə 857 500 fərd) buraxılmışdır. Nazirlik tərəfindən reintroduksiya və su bioresurlarının artırılması layihələrinin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Bundan başqa işçi qrupun üzvlərinə işğaldan azad edilmiş ərazilərdə ekoloji qiymətləndirmə üzrə aparılan minatəmizləmə fəaliyyəti haqqında, bu ərazilərdə baş verən yanğın hadisələrinin qarşısınının alınması tədbirləri haqqında, turizm infrastrukturunun yaradılması sahəsində görülmüş işlər haqqında, eləcə də Füzuli rayonu ərazisində mineral xammal ehtiyatları və yeraltı suların monitorinqi və təftişi işləri haqqında, Köndələnçay su anbarlarların təmir-bərpası üzrə görülən işlər haqqında məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti