...

Suqovuşanın gətirdiyi yeni mərhələ - Bu rayonlar da suya qovuşacaq

İqtisadiyyat Materials 17 Oktyabr 2023 15:14 (UTC +04:00)
Suqovuşanın gətirdiyi yeni mərhələ - Bu rayonlar da suya qovuşacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Suqovuşan su anbarının suvarmada rolu böyükdür.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin baş məsləhətçisi Sarvan Ağayev deyib.

O bildirib ki, Suqovuşanın mühüm iqtisadi önəmi var.

"Birinci Qarabağ müharibəsindən əvvəl altı rayonu əhatə edən 96 min hektar məhsuldar torpağın suvarılması Tərtərçay üzərində qurulmuş Sərsəng, Suqovuşan su anbarları, sağ və sol sahil magistral kanalları vasitəsilə həyata keçirilib. Ermənilər tərəfindən torpaqlarımız işğal edildikdən sonra su anbarlarının işğal altında olması Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarında əkinlərin suvarma suyu ilə təminatında çətinliklər yaratmışdı.

Lakin 2020-ci ildə Azərbaycan Ordusunun keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Suqovuşan su anbarının olduğu ərazi azad edildi. Suqovuşan su anbarından çıxan sol sahil kanalı 2020-ci ildə işğaldan azad edildikdən sonra orada təmir işləri aparıldı. Ağdam istiqamətinə gedən sağ sahil kanalı isə sentyabrda keçirilən antiterror əməliyyatından sonra nəzarətimizə keçdi. Sağ sahil kanalı ilə Ağdam və Ağcabədi rayonlarının torpaqları suvarma ilə təmin ediləcək", - deyə o qeyd edib.

Qeyd edək ki, Suqovuşan su anbarı və magistral kanallar 1976-cı ildə istismara verilib. Su anbarının ümumi su tutumu 5,86 milyon kubmetrdir. Bəndin üstdən uzunluğu 630 metr, hündürlüyü 28 metr, eni isə 10 metrdir.

Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan Tərtər rayonunda 24,5 min, Ağdərə ərazisində 14,4 min, Goranboy rayonunda 7 min, Yevlax rayonunda 5,9 min, Bərdə rayonunda 12,6 min, Ağdam rayonunda 30 min, Ağcabədi rayonunda 2 min hektar olmaqla, ümumilikdə, 96 min hektardan çox torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranmışdı. Su anbarında aparılan təmir-bərpa işləri həmin torpaq sahələrinin suvarılması işinin yaxşılaşdırılmasını təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti