Bakı. Trend:
“InvestAZ” dünya maliyyə bazarları ilə bağlı həftəlik analizi açıqlayıb.
Ötən həftə Amerikada inflyasiyaya dair məlumatların proqnozların altında dərc olunması və prezident Donald Trampın tarif siyasətinin beynəlxalq münasibətləri gərginləşdirməyə davam etməsi fonunda dolların major valyutalar qarşısında ucuzlaşması tendensiyası davam edib.
Belə ki, EURUSD valyuta cütlüyü həftə ərzində 1.09600 səviyyəsindən dəstək alaraq bahalaşıb və bu gün səhər 1.14730 səviyyəsinə qədər artım göstərib. Bu, 2022-ci ilin fevral ayından bəri ən yüksək həddir.
USDJPY cütlüyü eyni dövr ərzində 2024-ci ilin oktyabr ayından bu yana, ilk dəfə 142.060 səviyyəsinə qədər ucuzlaşıb. EURGBP cütlüyü isə 2009-cu ilin iyun ayından bəri, ən yüksək səviyyəyə, 0.87380 həddinə qədər qalxıb.
Dolların ucuzlaşması investorların “güvənli liman” maliyyə aləti olaraq qızıla olan marağını artırıb və dəyərli metal tarixində ilk dəfə 3245$ səviyyəsinə qədər bahalaşıb. “Brent” markalı neftin qiyməti isə 64$ həddinin üzərində möhkəmlənməyə çalışır. Hazırda “qara qızıl” beynəlxalq birjalarda 64.10$-a ticarət olunur.
“Bitcoin”-in qiyməti isə ötən həftə 74500$ səviyyəsinə kimi ucuzlaşıb.
Cari həftə ərzində isə Avropa Mərkəzi Bankının faiz qərarı, ECB və FED sədrləri Kristin Laqard ilə Cerom Pavelin çıxışları, eləcə də, Avrozonada və İngiltərədə dərc olunacaq İstehlak Qiymətləri İndeksinə (CPİ) dair göstəricilər dünya birjalarında ciddi dalğalanmalara səbəb ola bilər.
Qeyd edək ki, dünya birjalarında "Müqəddəs Cümə Günü" (Pasxa bayramından öncəki cümə) ilə əlaqədar olaraq cümə günü volatilliyin kəskin azalacağı ehtimal olunur.
İnvestorların Amerikanın xarici ticarət siyasətində yaşanan dəyişikliklər, ABŞ prezidenti Donald Trampın avropa mallarına tətbiq etdiyi son gömrük tariflərinin gələcək təsirlərini qiymətləndirmələri səbəbilə dolların dünya birjalarında kəskin ucuzlaşması fonunda EURUSD məzənnəsi bahalaşaraq 1.14730 hədlərinə yüksəldi.
Qeyd etmək lazımdır ki, bu həftə Avropa Mərkəzi Bankının faiz qərarı və Avrozonada dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri avronun valyuta birjalarında qiymətlərinə yön verə bilər.
Ötən həftə 1.3144$ həddinə kimi bahalaşan GBPUSD valyuta cütlüyü, həftəni 1.30790 səviyyəsində tamamladı. Hazırda 1.31100 səviyyəsində ticarət olunan məzənnədə “buğalar” qiyməti 1.31$ həddinin üzərində qoruyub saxlaya bilsələr, funt-sterlinqdə artım tendensiyası daha kəskin xarakter ala bilər.
Bu həftə İngiltərədə açıqlanacaq inflyasiya və əmək bazarı hesabatları funtun qiymətlərinə ciddi təsri edə bilər.
XAUUSD
Hazırda, 30232.70$-dan ticarət olunan qiymətli metalda “buğalar” qiyməti 3250$ həddinin üzərinə yüksəldə və burada qoruyub saxlaya bilsələr, artım tendensiyası 3350$ - 3400$-a kimi, davam edə bilər. Analitik şirkətlərin ehtimallarına əsasən, mövcud iqtisadi və geosiyasi şərait davam edərsə, “sarı metal” 3500$ - 3700$-a kimi bahalaşa bilər.