Astana. Trend:
2025-ci ilin sentyabr- dekabr aylarında Qazaxıstandan Azərbaycana buğda ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 34% azalaraq 126,9 min ton təşkil edib.
Trend Qazaxıstanın Taxıl İttifaqına istinadən xəbər verir ki, bu barədə qurumun Analitika Komitəsinin rəhbəri Yevgeni Karabanov bildirib.
Onun sözlərinə görə, Qazaxıstan 4 ay ərzində 4 milyon 123,3 min ton buğda (yumşaq və bərk) ixrac edib ki, bu da ötən mövsümün eyni dövrü ilə müqayisədə təxminən 1,5 dəfə çoxdur.
Eyni zamanda, dekabr ayında ixrac bütün tarix ərzində mütləq aylıq maksimum göstəriciyə çataraq 1 milyon 778 min ton olub ki, bu da noyabr ayı ilə müqayisədə 2,1 dəfə, 2024-cü ilin dekabrı ilə müqayisədə isə 1,85 dəfə çoxdur.
“Beləliklə, cari marketinq ilinin dörd ayı ərzində buğdanın ixrac potensialının təxminən 50%-i reallaşdırılıb”, – deyə Karabanov qeyd edib.
Bundan əlavə, 2025-ci ilin sentyabrında başlayan marketinq ilinin əvvəlindən Qazaxıstan buğdası ötən ilin sentyabr–dekabr aylarında ixracın olmadığı ölkələrə də göndərilib. Belə ki, Əlcəzairə 140 min ton (2025-ci ilin dekabrında 56,5 min ton), İrana 56,5 min ton, Niderlanda 2,9 min ton və Portuqaliyaya 2,2 min ton buğda ixrac olunub.
