Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir A.Bədəlova/ OPEK-in noyabrın 18-də Vyanada keçirilməsi planlaşdırılan növbədənkənar iclası oktyabrın 24-nə keçirilib. Kartelin rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir ki, OPEK prezidentinin təşkilatın yüksək vəzifəli məmurları ilə apardığı məsləhətləşmələrdən sonra belə qərar qəbul edilib.
Dünyada böyüklüyünə görə üçüncü bank - Amerikanın JP Morgan bankının analitiki Lourens İqlsın (Lawrence Eagles) sözlərinə görə, iclasın daha erkən vaxtda keçirilməsi OPEK-in neftin qiymətlərinin bir barelə görə arzuedilən 80 dollar səviyyəsindən sürətlə düşməsi ilə bağlıdır.
"ABŞ-da prezident seçkilərindən sonra təcili iclas keçirməyi qərara almış OPEK indi neftin qiymətlərinin real surətdə düşməsi və dünya iqtisadiyyatının resessiya vəziyyətində olmasının dərk edilməsi ilə üzləşib", - İqls cümə günü elektron poçtla Trend -a bildirib.
London birjasında ticarətin yekunları üzrə neftin noyabr fyuçerslərinin qiyməti 4,48 dollar - bir barelə görə 66,32 dollaradək azalıb, Nyu-York birjasında Amerikanın WTI növlü yüngül neftinin noyabr fyuçerslərinin dəyəri isə 4,69 dollar - 68,57 dollardək azalıb.
OPEK, qarşıdakı növbədənkənar sessiyada qlobal maliyyə böhranının neftin qiymətlərinə təsirini müzakirə etməyi planlaşdırır. Kartel qiymət sabitliyinin dəstəklənməsi məqsədilə hasilat həcminin azadlılması haqqında məsələni nəzərdən keçirmək niyyətindədir.
OPEK-in prezidenti və Əlcəzairin neft naziri Şakib Xəlilin əvvəllər bəyan etdiyinə görə, neft üçün ideal qiymət bir barelə görə 70-80 dollardır.
"OPEK artıq qərar qəbul edib və qərar hasilatın azaldılmasına yönəldiləcək. Səudiyyə Ərəbistanı isə noyabrda kvotaların qaytarılması yolundadır. Belə ki, bazardan sutkada 500 min barel neft çıxarılacaq. Lakin OPEK-in kvotaları nə qədər azaldacağı sualdır, - İqls bildirib. - Hesab edirik ki, hasilatın sutkada 500 min barel azaldılması kifayət edə bilər".
"OPEK göstərir ki, bazarı diqqətlə müşahidə edir və zərurət yaranarsa, əlavə tədbirlər görəcək", - analitik bildirib.
Onun sözlərinə görə, bir barelə görə 70-80 dollar qiymət səviyyəsi bazarın gərginliyinə qarşı müdafiə olacaq. "Belə qiymət dəhlizi xarici şəraitdə bazarın ən yaxşı idarə imkanlarını OPEK-ə verəcək", - İqls bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]