Azərbaycan, Bakı, 5 mart / Trend /
JP Morgan-ın İnkişaf edən dünya bazarlarında korporativ borc öhdəlikləri üzrə Tədqiqat Heyətinin müştərək rəhbəri Viktoriya Mayls AccessBank-ın Müşahidə Şurasının üzvlüyünə qəbul edilib. Bu barədə bankın cümə günü yayılan məlumatda deyilir.
Xanım Mayls, həmçinin, Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrikada korporativ tədqiqatlar strategiyası üzrə rəhbər, eləcə də JP Morgan maliyyə institutlarının inkişaf edən bazarlarda kredit tədqiqatı üzrə baş analitikidir.
O, bank sektorunun inkişaf edən bazarlarda qiymətli kağızlar üzrə sistematik risk sahəsində mütəxəssis hesab olunur və 2008-2009 illərdə "Euromoney" jurnalı tərəfindən inkişaf etdirilən bazarlarda kredit tədqiqatları sahəsində ən yaxşı mütəxəssislərin siyahısında birinci yeri tutub. Xanım Mayls digər öhdəliklərinin artması səbəbindən AccessBank Müşahidə Şurasının heyətindən ayrılan AYİB nümayəndəsi Oksana Pakı əvəz edib.
"Xanım Maylsın yenidən qurulan Şərqi Avropa və Mərkəzi Asiyanın keçid mərhələsi yaşayan ölkələrinin bank sektorundakı təcrübəsinin həm Müşahidə Şurası, həm də AccessBank üçün əhəmiyyətli töhfəsi olacaq və biz onun Müşahidə Şurasına qoşulmasından çox şadıq", - AccessBank Müşahidə Şurasının sədri Maykl Yainsiq xanım Maylsın təyinatını təqdir edərək bildirib.
"Bir tədqiqatçı kimi, AccessBank kimi uğurlu və sürətlə inkişaf edən, eləcə də Azərbaycan iqtisadiyyatının və kiçik biznes sektorunun inkişafında mühüm rol oynayan bir təşkilatın inkişafında bilavasitə iştirak etmək mənim üçün çox maraqlıdır", - Mayls öz təyinatını belə şərh edib.
AccessBank Fitch (BB+ Long-Term IDR and D individual rating) reytinq agentliyi tərəfindən Azərbaycanda ən yüksək reytinqə layiq görülüb və 100% xarici 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16,5%) və Almaniyanın LFS Financial Systems GmbH (3,5%) şirkətləridir.