...

Vergi cinayətlərinin araşdırılması nəticəsində Azərbaycanın dövlət büdcəsinə 2,8 milyon manat ödənilməsi təmin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2010 18:59 (UTC +04:00)
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən 2010-cu ilin üç rübü ərzində vergidən yayınma, qanunsuz sahibkarlıq və digər faktlarla bağlı materiallar üzrə fiziki və hüquqi şəxslərə qarşı 241 cinayət işi başlanıb və 73 iş üzrə ibtidai istintaq tamamlanıb.
Vergi cinayətlərinin araşdırılması nəticəsində Azərbaycanın dövlət büdcəsinə 2,8 milyon manat ödənilməsi təmin olunub

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir E.İsmayılova/

Azərbaycan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən 2010-cu ilin üç rübü ərzində vergidən yayınma, qanunsuz sahibkarlıq və digər faktlarla bağlı materiallar üzrə fiziki və hüquqi şəxslərə qarşı 241 cinayət işi başlanıb və 73 iş üzrə ibtidai istintaq tamamlanıb. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir.

İbtidai istintaqı tamamlanmış cinayət işlərindən vergiləri ödəməkdən yayınmaya görə 22 iş, qanunsuz sahibkarlığa görə 5 iş, aksiz markası ilə markalanmamış malların satılmasına görə 6 iş olmaqla, cəmi 35 nəfər barəsində 33 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 28 cinayət işinə xitam verilib. Cinayət işləri və araşdırılan materiallar üzrə vurulmuş ziyandan 2,8 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 13 şəxs tutularaq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq şöbəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 111 şəxsin məcburi qaydada gətirilməsi, 180 şəxsin tapılıb istintaqa cəlb edilməsi, 148 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.

Vergi yoxlamalarından yayınan 245 vergiödəyici tapılaraq aidiyyəti vergi orqanlarına təqdim olunub.

Xəbər lenti

Xəbər lenti