...

Azərbaycanın Əmək Nazirliyi əhalinin şikayətlərinə daha operativ cavab verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2011 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral /Trend Ü.İsmayılova/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhaliyə göstərilən xidmət keyfiyyətinin yaxşılaşdırılması üzrə fəaliyyətini gücləndirmək niyyətindədir. Bu barədə cümə günü jurnalistlərə əmək naziri Füzuli Ələkbərov deyib.

"Ötən il nazirlik əhalinin şikayətlərini operativ cavablandırmaq üzrə uğurlu nəticə əldə edə bilməyib. Hətta nazirliyin əməkdaşlarından birinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmə faktı qeydə alınıb, bununla bağlı iş prokurorluğa verilib",- nazir deyib.

Onun sözlərinə görə, əhali tərəfindən şikayət və müraciətlərə operativ cavab vermək nazirliyin prioritet fəaliyyət istiqaməti hesab olunur.

2010-cu ildə nazirliyə əhali tərəfindən 7,6 min müraciət daxil olub və onun 70 faizi arayış xarakteri daşıyır ki, bu da əhalinin az məlumatlı olmasına sübutdur.

Ötən il nazirliyə əməkdaşların rüşvətxorluq faktları üzrə 200 müraciət daxil olub. Əhali tərəfindən hər bir şikayətə bu gündən fövqəladə hal kimi baxılacaq, belə ki, nazirliyin fəaliyyəti prinsip etibarilə hökumət tərəfindən qiymətləndiriləcək, nazir deyib.

2010-cu ildə nazirliyin səkkiz əməkdaşı fəaliyyətlərində pozuntu faktları aşkarlandığına görə vəzifəsindən azad olunub. Həmçinin il ərzində 116 əməkdaşa töhmət verilib, 34-nə xəbərdarlıq olunub, Ələkbərov deyib. 2011-ci ildə nazirliyin daha iki əməkdaşı vəzifədən azad olunub.

Yanvarın 28-i keçirilən Əmək Nazirliyinin kollegiya iclası zamanı nazir nazirliyin fəaliyyət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə xüsusi komissiya yaratmağı, həmçinin bir həftə ərzində əhalinin şikayətlərinə baxacaq işçi qrupunun fəaliyyət planını işləyib hazırlamağı tapşırıb. Həmçinin ünvanlı sosial yardımın təyin olunması üçün tələb olunan sənədlərin azaldılması üçün təkliflər hazırlamaq barədə tapşırıq verilib.

Xəbər lenti

Xəbər lenti