Azərbaycan, Bakı, 4 iyul /Trend/
2011-ci ildə "Baltika-Bakı" MMC-nin məhsulları Gürcüstana tədarük olunmayıb. Bu, yeni distribüterin axtarışı ilə bağlıdır. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.
Bundan əvvəl şirkətlə "Baltika-Bakı" məhsullarının Gürcüstan ərazisində satışı və irəliləyişi üzrə bağlanan müqavilənin müddəti başa çatıb.
"Azərbaycanın bəzi KİV-lərində belə bir məlumat dərc olunub ki, Gürcüstanın Keyfiyyət Fondu Azərbaycanın Azad İstehlakçılar Birliyinə rəsmi məktubla müraciət edərək "Baltika-Bakı"nın 150 min dollardan artıq məhsulunun lazımi standartlara uyğun gəlməməsi ilə əlaqədar satışdan çıxardığı barədə rəsmi məlumat verib", - məlumatda deyilir.
Məlumata görə, "Baltika-Bakı" Gürcüstan ərazisində zavodun məhsullarının satışına qadağa qoyulması barədə məlumatı rəsmən təkzib edib.
Məlumatda deyilir ki, "Baltika-Bakı"nın, o cümlədən Gürcüstana tədarük edilən məhsullarının keyfiyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyasının ekspertizası və Azərbaycanın Sənaye-Ticarət Palatası yanında Ekspertiza Mərkəzinin rəyi, eləcə də Azərbaycanın dövlət orqanları tərəfindən verilən çoxsaylı uyğunluq sertifikatları ilə təsdiqlənib.
"KİV-də təsdiqlənməmiş faktlara əsaslanan və bir çox hallarda müəssisəmiz tərəfindən şərh olunmayan yazıların meydana çıxması təəccübləndirir. Müəssisənin məhsullarının indi Gürcüstanın ticarət nöqtələrində satılmadığı azmış kimi, materiallarda göstərilən rəqəmlər "Baltika-Bakı"nın keçmiş distribüteri "Kapitalpoint" MMC-nin borcunun məbləği ilə oxşardır. Distribüter 2010-cu ildə göndərilmiş məhsula görə bizə vəsait ödəməkdən imtina edir. 2011-ci ilin mayında biz Sumqayıt İnzibati-İqtisad Məhkəməsinə "Kapitalpoint" MMC-dən borcumuzun alınması xahişi ilə müraciət etdik. İddia təmin olundu. Məhkəmə "Kapitalpoint" MMC-nin hesabından göstərilən məbləğin tutulması barədə qərar qəbul etdi. Dərc olunan yazıların bu vəziyyətlə bağlı olduğunu güman edirik", - məlumatda "Baltika-Bakı" MMC-nin baş direktoru Adam Tlexurayın sözlərindən sitat gətirilir.
"Baltika-Bakı" pivə zavodu Azərbaycanda 2008-ci ildən fəaliyyət göstərir. Hazırda "Baltika-Bakı" zavodunun maksimal gücü ildə 10 milyon dekalitr təşkil edir.
2009-cu il mövsümündə "Baltika" şirkəti miqyaslı yenidənqurma işləri həyata keçirib: bişirilmə qaydaları, qıcqırma və filtrasiya şöbəsi modernləşdirilib, şüşə qablara tökmə xətti yenidən təchiz edilib və pivənin PET-qablaşdırılması üçün xətt quraşdırılıb. Müəssisədə quraşdırılan bütün avadanlıqlar aparıcı dünya şirkətləri, o cümlədən Krones AG, Gea Brewery Systems Gmbh, Filtrox AG, Ring Crown, Pall Gmbh kimi şirkətlərdə istehsal olunub.
Modernləşdirmə təkcə yerli brendlərin keyfiyyətini nəzərəçarpacaq dərəcədə artırmağa deyil, həm də "Baltika-Bakı" zavodunun bütün müəssisələrində bişirilən "Baltika" sortlarının hamısını azərbaycanlı istehlakçıya təqdim etməyə imkan verir.
2010-cu ildə investisiya proqramı çərçivəsində sutəmizləyici stansiya yenidən qurulub, soyuducu-kompressor sexi modernləşdirilib, tədqiqat laboratoriyasının avadanlıqları yenilənib. İnvestisiya proqramının yekunu üzrə sərmayələrin ümumi həcmi 20 milyon dollara yaxın təşkil edib.
"Baltika-Bakı" pivə zavodu bu il 21 yaşı tamam olan "Baltika pivə şirkəti" ASC-nin tərkibinə daxildir. Mövcud olduğu illər ərzində şirkətdə keyfiyyətə ciddi nəzarət sistemi tətbiq edilib. Şirkətin bütün zavodları laboratoriyalarla təchiz olunub. Bişən pivədən götürülən nümunələr təkcə Xırdalandakı laboratoriyada yoxlanılmır, müntəzəm olaraq Sankt-Peterburqdakı mənzil-qərargaha, tədqiqat mərkəzinə göndərilir. Habelə şirkətin mənzil-qərargahının mütəxəssisləri mütəmadi olaraq zavodda audit aparırlar.
"Baltika-Bakı" 2009-cu ildən Gürcüstan bazarına məhsul tədarük edir. Ötən il Gürcüstana 90 min dekalitr pivə ixrac olunub. Pivənin əsas ixrac markaları "Baltika №9 Krepkoye", " Baltika №7 Eksportnoye", "Baltika Kuler" və "Arsenalnoye"dir.