Azərbaycan, Bakı, 30 noyabr /Trend/
Azərbaycan şirkətləri Qaraçay-Çərkəzdə gips yataqlarının əldə edilməsində, eləcə də ağac emalı sənayesi sahəsində əməkdaşlıqda maraqlıdırlar. Bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Qaraçay-Çərkəz Respublikasının (QÇR) rəhbəri Rəşid Temrezovla görüşdə deyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Qaraçay-Çərkəz hökumətinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Azərbaycan nümayəndə heyəti əvvəl əməkdaşlıq haqqında əldə edilən razılıq və imzalanmış saziş çərçivəsində çərşənbə axşamı Qaraçay-Çərkəzə gəlib.
Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşdə Temrezov qeyd edib ki, respublika hakimiyyəti investorlarla əməkdaşlıq üçün açıqdır. Onun sözlərinə görə, regionda investorlara kömək məqsədilə ciddi qanunvericilik bazası yaradılıb.
"Xüsusən, subyekt səviyyəsində bir sıra qanunlar qəbul edilib. Qanunlar yeni yaradılan müəssisələrin 7 il müddətinə əmlak vergisindən azad edilməsini və əlavə dəyər vergisinin 3 il müddətinə 13,5 faizə endirilməsini nəzərdə tutur. Prioritet investisiya layihələrini həyata keçirən investorlara təbii sərvətlərdən istifadənin güzəştli şərtləri də təqdim ediləcək", - o bildirib.
QÇR rəhbəri xatırladıb ki, Qaraçay-Çərkəzin bir sıra müəssisələri artıq Azərbaycanla əməkdaşlıq edir. Bununla yanaşı, Qaraçay-Çərkəzin Azərbaycana ixracat ticarət strukturunun əsasını sement təşkil edir.
Digər tərəfdən, onun fikrincə, respublika əməkdaşlığın digər mümkün istiqamətlərinə də malikdir. Xüsusilə, Qaraçay-Çərkəz mineral su ehtiyatına görə Rusiyada birinci yeri tutur, həmçinin QÇR-də turizm sahəsi, kənd təsərrüfatı, o cümlədən, heyvandarlıq və bağçılıq da fəal inkişaf edir.
"Nəhəng bağ" layihəsi yaradılıb. Layihə Qaraçay-Çərkəzdə 2 min hektar ərazidə meyvə bağçılığının inkişafını nəzərdə tutur. Belə ki, bizim iqlim şəraitimiz bunu etməyə imkan verir", - Temrezov qeyd edib.
O, həmçinin vurğulayıb ki, QÇR təbii ehtiyatlar və respublikada mövcud olan xammal bazası üzrə Şimali Qafqazda ən güclülərdən olan geniş sənaye potensialına malikdir. "Sadə dillə desək, bizdə demək olar ki, Mendeleyevin bütün cədvəli var", - Temrezov diqqətə çatdırıb.
Onun sözlərinə görə, bundan başqa, QÇR-də yeni sement zavodunun tikintisi üzrə layihə hazırdır. Zavodun illik istehsal gücü təxminən 2,5 milyon ton quru yolla hazırlanan sementdir. Bununla yanaşı, Temrezov respublikanın ağac emalı sahəsində qeyri-adi potensialının olduğunu bildirib. O xatırladıb ki, SSRİ-nın dağılmasından öncə QÇR-də ölkənin bütün məktəb mebelinin 20 faizindən çoxu istehsal edilirdi.
Görüşün iştirakçıları bildiriblər ki, Azərbaycan nümayəndə heyətinin Qaraçay-Çərkəzə səfərinin yekunu üzrə respublikalar arasında xarici ticarət dövriyyəsi xeyli dərəcədə arta bilər.
Azərbaycan nümayəndə heyəti Rusiyanın perspektiv investisiya obyektlərindən birinə və ölkənin cənubunda 2002-ci ildə Çərkəzdə yaradılan yeganə özəl avtomobil şirkəti "Derveys"ə baş çəkib.
Avtomobil zavodunda gəzinti zamanı qonaqlara şirkət rəhbərliyinin istehsal gücünün ildə 120 000-150 000 ədəd avtomobilə qədər artırılması üzrə planları barədə məlumat verilib. Şirkətin perspektiv vəzifəsi mərkəzi Çərkəz şəhəri olmaqla Şimali-Qafqaz Federal Dairəsində avtomobil klasterinin yaradılması, eləcə də "Rusiya İstehsalçısı" statusunu və müəssisə üçün "Sənaye Montajı" rejimini almaqdır.