...

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri üçdə birdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2012 18:58 (UTC +04:00)
İlkin məlumatlara görə, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1272,45 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 343,0 mln. manat və ya 36,9 faiz çoxdur.
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri üçdə birdən çox artıb

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir A.Axundov/

İlkin məlumatlara görə, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1272,45 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 343,0 mln. manat və ya 36,9 faiz çoxdur. Bunu çərşənbə günü DSMF-nin geniş kollegiya iclasında fondun sədri Səlim Müslümov bildirib.

Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,2 faiz və ya 85,1 mln. manat artaraq 646,7 mln. manat təşkil edib.

"İcbari dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,5 faizi və ya 385,1 mln. manatı qeyri-büdcə sektorunun payına düşür.

Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 15,4 faiz və ya 51,3 mln. manat artmış, proqnoz isə 106,7 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 9,5 faiz artıb", - Müslümov bildirib.

2012-ci ilin I yarısında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 261,7 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,8 faiz və ya 33,8 mln. manat artıb, proqnoz 92,6 faiz icra olunub.

"Ümumilikdə, Dövlət Sosial Müdafiə Fondu üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 100,8 faiz icra olunub və bu, pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib", - sədr qeyd edib.

2012-ci ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1198,7 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1177,6 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 290,8 mln. manat və ya 32,8 faiz çoxdur.

"Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 33,6 faiz və ya 289,5 mln. manat artaraq 1150,5 mln. manat təşkil edib", - Müslümov bildirib.

Onun sözlərinə görə, cari ilin ilk yarısında əhaliyə 27,0 mln. manat məbləğində müavinət ödənilib.

Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 21,1 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 0,2 mln. manat və ya 0,8 faiz azdır.

Xəbər lenti

Xəbər lenti