Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Hüseyn Vəliyev/
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov qlobal informasiya və kommunikasiya texnologiyaları (İKT) həlləri üzrə aparıcı servis provayderi olan "Huawei" şirkətinin Azərbaycan ofisinə yeni təyin olunmuş rəhbəri Liu Jianvei ilə görüşüb.
Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi iqtisadi nailiyyətləri, o cümlədən də respublikada informasiya texnologiyaları sahəsində aparılan islahatlar, perspektivlər barədə qonaqları məlumatlandıran nazir Əli Abbasov ölkəmizdə bu sahənin inkişaf templərinin ildən-ilə yüksəldiyini vurğulayıb.
Xüsusilə həyata keçirilən yerli və regional layihələr - "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM), "EuraCA" (Eurasian Connectivity Alliance), fiber-optik kabel şəbəkəsi üzərindən ölkənin hər bir yaşayış məntəqəsində əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan "Milli genişzolaqlı internetin inkişafı"ndan söz açan nazir "Huawei"in də gələcəkdə bu kimi layihələrdə iştirak edə biləcəyini vurğulayıb.
Ölkəmizdə həyata keçirilən islahatları maraqla qarşılayan Liu Jianvel də öz növbəsində, nazirə təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri haqda məlumat verib, mobil rabitə, internet və informasiya-kommunikasiya texnologiyaları sahəsində "Huawei"in Azərbaycanla əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bildirib.
Daha sonra tərəflər qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparıblar.