Azərbaycan, Bakı, 10 sentyabr /Trend/
Ətraf mühitin təhlükəsizliyinin gorunması sahəsində Azərbaycanın potensialının qiymətləndirilməsinə dair hesabatın layihəsi Asiya İnkişaf Bankın (AİB) Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə 9 sentyabrda təşkil etdiyi məsləhətləşmə seminarı zamanı nəzərdən keçirilib.
AİB-dən Trend-ə verilən məlumata görə, hesabatın layihəsi AİB-in ayırdığı Orta və Qərbi Asiya ölkələrində ətraf mühitin təhlükəsizliyinin gücləndirilməsinə dair texniki yardım çərçivəsində hazırlanıb. Texniki yardımın əsas məqsədi infrastruktur layihələrin həyata keçirilməsi zamanı ətraf mühitin təhlükəsizliyini effektiv təşkil etmək məqsədilə milli potensialın gücləndirilməsidir. Texniki yardım çərçivəsində Azərbaycanın ətraf mühitin təhlükəsizliyinin qorunması sahəsində potensialının qiymətləndirilməsi və potensialın gücləndirrilməsinə xidmət edən planın hazırlanması nəzərdə tutulub. Potensialın artırılması planında gələcəkdə görüləcək tədbirlər proqramı əksini tapacaqdır.
35 nəfərin iştirakı ilə baş tutan seminarda ətraf mühitin təhlükəsizliyinə cavabdeh olan dövlət təşkilatlarıın, beynəlxalq inkişaf agentliklərin, qeyri-hökumət təşkilatların nümayəndələri və elm adamları iştirak ediblər. İştirakçılar AİB-in hazırladığı hesabat layihəsini nəzərdən keçirib, öz tövsiyələrini vermış və ətraf mühitin təhlükəsizliyinin qorunması sahəsində milli potensialın artırılması üçün hədəf qrupları müəyyənləşdiriblər.
Manilada yerləşən AİB əhatəli iqtisadi artım, ekoloji cəhətdən dayanıqlı inkişaf və regional inteqrasiya vasitəsilə Asiya və Sakit okean regionunda yoxsulluğun azaldılmasına çalışır. AİB 1966-cı ildə yaradılmışdır, 48 ölkə Asiya və Sakit okean regionundan olmaqla 67 üzv ölkədən ibarətdir. 2013-cü ildə AİB-ın ümumi yardımı $ 21 milyard olmuşdur, o cümlədən $ 6,6 milyard birgə maliyyələşdirməyə yönəldilmişdir.