...

"Paşa Bank" Azərbaycanda ilk dəfə iri restoranlar şəbəkəsində kontaktsız ödənişləri işə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2014 14:44 (UTC +04:00)
"McDonald's Azərbaycan", Visa və "PAŞA Bank" restoranlar şəbəkəsində Visa payWave kontaktsız kartların qəbulunun başlanması haqqında məlumat verir.
"Paşa Bank" Azərbaycanda ilk dəfə iri restoranlar şəbəkəsində kontaktsız ödənişləri işə salıb

Azərbaycan, Bakı, 25 sentyabr/Trend, müxbir Emil İsmayılov/

"McDonald's Azərbaycan", Visa və "PAŞA Bank" restoranlar şəbəkəsində Visa payWave kontaktsız kartların qəbulunun başlanması haqqında məlumat verir.

Trend-in məlumatına görə, Visa payWave kartları və Near Field Communication (NFC) texnologiyası ilə smartfonla ilk kontaktsız əməliyyat bu gün, 25 sentyabr tarixində Bakı şəhəri, Nizami küçəsi 340, Fontanlar Meydanı ünvanında yerləşən McDonald's restoranında həyata keçirilib.

Layihənin ekvayrinq tərəfdaşı olan "PAŞA Bank" bütün restoranlar şəbəkəsini Visa payWave kontaktsız ödənişlərin qəbuluna imkan verən yeni terminallarla təmin edib.

"McDonald's Аzərbaycan" şirkəti öz restoranlarında Visa payWave kontaktsız texnologiya ilə kart qəbulunu təmin edərək, sürətli xidmət göstərən restoranlar kateqoriyası üzrə ölkədə ilk şirkət olmuşdur. Hal-hazırda McDonald's restoranlar şəbəkəsində quraşdırılmış yeni avadanlıq sayəsində, qonaqlar sifarişlərini həm maqnit zolaqlı və ya çipli ənənəvi ödəniş kartları ilə, eləcə də, Visa payWave kontaktsız kartlarla tez və təhlükəsiz şəraitdə ödəyə bilərlər.

Bu halda ödənişin ənənəvi ödəniş kartı vasitəsilə həyata keçirilməsi üçün alıcı sərbəst şəkildə kartı keçirir və ya terminala daxil edir. Visa payWave kontaktsız kartlar vasitəsilə ödəniş zamanı kartı kassirə vermədən onu sadəcə olaraq ödəniş terminalında kontaktsız oxuyucuya yaxınlaşdırmaq kifayətdir.

Kredit kartları ilə yanaşı, Visa payWave texnologiyası kontaktsız ödənişləri dəstəkləyən mobil telefonlarda da həyata keçirilə bilər. Smartfonun köməyilə Visa payWave kontaktsız kartları vasitəsilə ödənişləri qəbul edən terminallarda da ödəmək olar.

Visa payWave kontaktsız ödənişlər texnologiyası - ən dinamik şəkildə inkişaf edən ödəniş texnologiyalarından biridir. Onun istifadəsi həm istifadəçilərə, həm də, ticarət-xidmət müəssisələrinə bir sıra üstünlüklər təqdim edir ki, bunların sırasında da sürət, rahatlıq və təhlükəsizlik yer tutur. Visa payWave kontaktsız ödənişlərin tətbiqi ticarət-xidmət müəssisələrinə prosesi sürətləndirmək və müştərilərə xidmət səviyyəsini yüksəltmək, satış zalında növbələri azaltmaq və müştəri axınını çoxaltmaq imkanı verir. Satış məntəqəsinin Visa payWave kartları ilə kontaktsız ödənişləri qəbul edib-etməməsini müəyyənləşdirmək üçün, ödəniş terminalında və terminalın ekranında kontaktsız ödənişlər simvolunun olmasına əmin olmaq lazımdır.

Azərbaycanda McDonald's restoranları üçün PAŞA Bank Visa (Visa Easy Payments Service) kartları ilə sifarişlərin sürətli ödənilməsi proqramını həyata keçirmişdir - 20 manata qədər məbləğdə ödəniş üçün qəbz və PİN-kodun daxil edilməsi lazım deyil. Bu isə öz növbəsində ödəniş prosesini daha sürətli və rahat edir.

"Son illər ərzində biz Azərbaycanın milli iqtisadiyyatının müxtəlif sahələrinin sürətli inkişafının şahidi olmuşuq və bunların sırasında da bank sahəsi də istisna olunmur. Elektron ödənişlər - bu inkişafın əsas amillərindən biridir. Visa payWave kontaktsız ödənişlərin - sürətli, rahat və təhlükəsiz kontaktsız ödənişlərin Visa-nın qlobal tərəfdaşlarından biri olan McDonald's şirkətinin restoranlar şəbəkəsində başlanması ölkədə nağdsız ödənişlərin inkişafında yeni mərhələ açır. Əminik ki, istifadəçilər yeni ödəniş üsulunun səmərəliliyini qiymətləndirəcək və Visa payWave-in ilk layihəsinin başlanması Azərbaycanda iqtisadi inkişaf üçün daha bir təsirli stimul olacaq" − Visa-nın Qafqaz regionu ölkələrində biznesin inkişafı üzrə regional meneceri İrina Kamxadze qeyd edib.

"PAŞA Bank" ölkənin ən yenilikçi banklarından biri statusunu bir daha təsdiq edərək, ölkədə ilk dəfə olaraq, hər iki aparıcı ödəniş sistemləri ilə tərəfdaşlıqda kontaktsız kartların buraxılması və əldə edilməsinə nail oldu. Visa payWave kontaktsız kartların köməyilə, müştərilərimiz PİN-kodu daxil etmədən və ya qəbzdə imza atmadan, sözün tam mənasında bir toxunuşla ödəniş edə bilərlər. Bu cür ödəniş üsulu daha çox böyük müştəri axınına və nisbətən kiçik sayda qəbzlərə malik satış-xidmət müəssisələri üçün aktualdır" − "PAŞA Bank"ın Dayrekt bankinq departamentinin direktoru Leyla Məmmədova əlavə edib.

"McDonald's Аzərbaycan" ASC 1999-cu ildən etibarən öz müştərilərinə xidmət göstərir. "Azərbaycan bazarında artıq 15 ildir ki, fəaliyyət göstərən McDonald's Аzərbaycan şirkəti mütəmadi olaraq, yeni texnologiyalar təqdim edir və siz buna özünüz bu gün əmin ola bilərsiniz. Ümid edirəm ki, Visa payWave kontaktsız texnologiyanın təqdim olunması restoranlarımızda müştərilərimiz üçün ödəniş sisteminin daha rahat olmasına şərait yaradır" - "McDonald's Аzərbaycan" ASC-nin meneceri Anar Bayramov qeyd etdi.

Visa qlobal ödəmə sistemidir, 200-dən artıq ölkədə kart sahibləri, ticarət-xidmət müəssisələri, maliyyə və hökumət idarələri üçün sürətli, təhlükəsiz və etibarlı elektron ödənişlər şəbəkəsinə çıxışı təmin edir. Elektron ödənişlər Visa/Net qlobal innovativ prosessinq sistemi vasitəsilə həyata keçirilir. Sistem istehlakçılar üçün dələduzluqdan müdafiəni və ticarət-xidmət müəssisələri üçün ödənişlərin həyata keçirilməsini təmin etməklə, saniyədə 47000-dən artıq tranzaksiyanı yerinə yetirmək qabiliyyətinə malikdir. Visa bank deyil, ödəmə kartları buraxmır, istehlakçılar üçün komissiya haqqı və ya faiz dərəcələri müəyyən etmir, habelə kart sahiblərinə kredit vermir. Öz növbəsində, Visanın innovativ həlləri maliyyə təşkilatlarına öz müştərilərinə geniş çeşiddə maliyyə alətlərini, o cümlədən debet, ilkin ödəniş və müştərilərə kredit kart məhsullarını seçmək imkanı verir.

"PAŞA Bank" Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 filial ilə təmsil olunan PAŞA Bankda 307 əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

"PAŞA Bank" Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

İlk McDonald's restoranı 6 noyabr 1999-cu il tarixdə Bakının mərkəzində - Fəvvarələr meydanında açılıb. Açıldığı gündən indiyə qədər restoran dostların, ailələrin və işgüzar tərəfdaşların sevimli görüş yeridir. Hazırda Azərbaycanda müştərilər üçün 10 McDonald's restoranı açılıb. Hal-hazırda McDonald's-da 900-dən artıq Azərbaycan vətəndaşı çalışır. Rəhbər işçilərin və menecerlərin əksəriyyəti öz karyerasını McDonald's-ın sıravi işçisi kimi qurmağa başlayıb. Belə uğurlu başlanğıcdan sonra McDonald's Azərbaycan şirkəti, heç şübhəsiz, gələcəkdə də ölkəmizdə müvəffəqiyyətlə inkişaf edəcək. Biz restoranlarımızın gələcəkdə də qonaqlarımız üçün sevimli görüş yeri olması üçün bütün səyləri göstəririk. Bu məqsədə nail olmaq üçün şirkətin hər bir əməkdaşı və bütövlükdə sistem şirkətimizin dəyərlərini əks etdirməlidir.

Viza İnterneşnl Servis Assosieşn" korporasiyası (Visa International Service Association) (ABŞ) banklara Visa ödəmə kartlarını buraxmaq imkanı verir. Emitent-banklar Visa kartlarının buraxılışına məhdudiyyət qoymaq hüququna malikdir. Visa ödəmə kartlarının buraxılışı və onlara xidmət göstərilməsi şərtləri haqqında məlumat almaq üçün banklara müraciət edin. Visa brendi haqqında daha ətraflı məlumatı www.visa.com.az saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti