...

Azərbaycanın ticarət şəbəkərindəki məhsulların 9 faizi keyfiyyətsizdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2015 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İlkin İzzət/

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən 2014-cü il ərzində sahibkarlıq subyektlərində dövlət nəzarətinin aparılması üçün ümumilikdə 2168 qərar verilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunlardan 1130-u ərzaq məhsullarının, 645-i qeyri-ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti, 393-ü isə dövlət metroloji nəzarəti ilə bağlı olub.

Aparılmış yoxlamalar zamanı 1290 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müddət müəyyən etməklə müəssisələrə nöqsanların aradan qaldırılması ilə bağlı 1290 qərar verilib, aşkar olunmuş pozuntularla əlaqədar 652 inzibati xəta haqqında protokol tərtib edilməklə 303.800 (üç yüz üç min səkkiz yüz) manat cərimə tətbiq edilib və məhsul partiyası satışının qadağan edilməsi barədə 536 məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərar verilib.

Ümumilikdə 189 sahibkarlıq subyektinə məhsulların istehsalı və satışının qadağan olunması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar verilib. İstehsalın və satışın qadağan olunması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlardan 12-si unlu-qənnadı məmulatları, 21-i çörək məmulatları, 3-ü boya istehsalı, 9-u süd məhsulları, 5-i alkoqolsuz içkilər, 6-sı kolbasa istehsalı, 1-i polivinilxlorid (PVX) profillər, 132-si isə digər məhsul növləri istehsal edən təsərrüfat subyektlərinə verilib.

Dövlət Nəzarəti Xidməti tərəfindən respublika ərazisində yerləşən ticarət şəbəkələrindən seçmə üsulu ilə ümumilikdə 399 adda məhsul nümunəsi alınaraq sınaqları aparılması üçün aidiyyəti laboratoriyalara təqdim edilib. Bunlardan 244 adda idxal edilən, 155 adda ölkədə istehsal olunan məhsul nümunələrinin payına düşür. Bu məhsul nümunələrinin 9%-nin sınaq nəticələri qeyri-qənaətbəxş olub.

Xidmət tərəfindən dövlət nəzarəti aparılan təsərrüfat subyektlərində 23536 ədəd ölçmə vasitəsinin yoxlamadan keçmədiyi, 1043 adda məhsulun uyğunluq sertifikatı olmadan istehsal olunduğu aşkar edilib. Həmçinin istehlakçılar tərəfindən quruma daxil olmuş 140-dan artıq şikayət məktubu yerində araşdırılaraq, hüquqları bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti