Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Ənvər Məmmədov/
GUAM-ın iştirakçı ölkələri gömrük administrasiyaları arasında "Gömrük prosedurlarının həyata keçirilməsində malların və nəqliyyat vasitələrinin gömrük nəzarətinin bəzi nəticələrinin qarşılıqlı tanınması haqqında" protokol layihəsini müzakirə ediblər.
Trend-in məlumatına görə, protokol layihəsinin müzakirəsi Bakıda keçirilən GUAM-ın rəhbər heyətinin ticarət və daşımaya yardım layihəsinin reallaşdırılması üzrə XXII iclası çərçivəsində baş tutub.
Ukrayna Dövlət Fiskal Xidmətinin Beynəlxalq əlaqələr departamentinin gömrük əməkdaşlığı idarəsinin rəisi Oleq Semenenko qeyd edib ki, bu protokol xarici iqtisadi fəaliyyətin inkişafına və ticarətə yardım üçün rahat şərtlər yaradacaq: "Gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması gömrük prosedurlarının sürətlənməsinə və onların sadələşdirilməsinə yardım edəcək. Hazırda protokolun bəzi cüzi tamamlama işlərinə və düzəlişlərə ehtiyacı var, bundan sonra sənəd yekun müzakirəyə çıxarılacaq".
GUAM-ın baş katibi Valeri Çeçelaşvili də bu protokolun vacibliyini vurğulayıb: "GUAM-ın bəzi iştirakçı ölkələri arasında birbaşa sərhədlərin olmamasını nəzərə alsaq, gömrük yoxlamalarının bəzi nəticələrinin tanınması çox vacib məqamdır".
Protokol GUAM-ın iştirakçı ölkələri tərəfindən təşkilat ölkələrinin dövlət sərhədləri vasitəsilə yerini dəyişən malların və nəqliyyat vasitələrinin müşayiətinin, eləcə də GUAM ölkələrinin gömrük qanunvericiliklərilə nəzərdə tutulmuş lazımi sənədlərlərlə təmin edilməsini nəzərdə tutur.
Öz növbəsində, hər bir ölkə qarşılıqlı olma əsasında digər üzv ölkələrin mal və nəqliyyat vasitələrinin gömrük nəzarətini həyata keçirməsinin nəticələrini tanıyır və GUAM ölkələrinin dövlət sərhədləri ilə yerini dəyişən həmin mallar və nəqliyyat vasitələrinin gömrük nəzarətini həyata keçirərkən onlardan istifadə edir.
İclas zamanı protokolda yekun tamamlama işlərinin aparılması barədə qərar qəbul edilib.