Bakı. Trend:
Yanvarın 30-da Dövlət Gömrük Komitəsində (DGK) 2015-ci ilin yekunları ilə bağlı kollegiya iclası və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş mərasim keçirilib.
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə tər güllər düzüb, sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Dövlət Gömrük Komitəsində keçirilən kollegiya iclasında giriş sözü ilə çıxış edən DGK sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bildirib ki, bu gün müstəqil Azərbaycan Respublikasında gömrük orqanlarının yaradılmasının 24-cü ildönümü tamam olur. Müstəqilliyimizin ilk illərində ölkə iqtisadiyyatının digər sahələri kimi, ciddi tənəzzül dövrünü yaşayan gömrük xidməti dahi rəhbər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra köklü kadr islahatları və kompleks tədbirlər nəticəsində stabil və dinamik inkişaf yoluna qədəm qoyub. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Qürur duyuruq ki, ölkəmizdə müasir tələblərə cavab verən modern gömrük sisteminin yaradılması işi dövlətimiz tərəfindən daim dəstəklənir və bu sahədə əldə olunan uğurlar layiqincə dəyərləndirilir.
Mərasimdə hesabat məruzəsi ilə çıxış edən DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev məlumat verib ki, 2015-ci il üçün Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi təmin olunub. İl ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 1 milyard 590 milyon manat proqnoza qarşı, faktiki olaraq 1 milyard 591,91 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoz 100,12 faiz yerinə yetirilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 81,1 milyon manat və ya 5,4 faiz çoxdur.
2015-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9206 hüquqpozma faktı aşkar edilib. Bu faktlardan 574-ü cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 2 milyon 163 min 100 manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 633 nəfərin barəsində müvafiq tədbirlər görülüb.
Gömruk sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən görülmüş qətiyyətli tədbirlər nəticəsində 2015-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 213 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 91 kq-dan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
S.Mehdiyev bildirib ki, ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında, münbit biznes mühitinin formalaşması və sahibkarlıq fəaliyyətinin inkişafında mühüm rol oynayan gömrük orqanları da bu istiqmətdə bir sıra tədbirlər həyata keçirir. Dövlət Gömrük Komitəsinin fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verilir, bu məqsədlə vaxtaşırı olaraq gömrük orqanlarında iş adamları ilə görüşlər keçirilir, ölkədə baş verən iqtisadi proseslər, idxal-ixrac əməliyyatlarının vəziyyəti barədə həm sahibkarlar məlumatlandırılır, həm də onların fikirləri öyrənilir və təklifləri dəyərləndirilir. Gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqi daha da genişləndirilir, e-hökumət portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təklif etdiyi xidmətlərin sayı artırılır.
Sonra Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov, DGK İstintaq İdarəsinin rəisi, gömrük xidməti polkovniki Ülvi Zülfüqarov, Xaçmaz Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Azər Məmmədov çıxış edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat veriblər.
Daha sonra DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Şahin Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2016-cı il üçün iş planı barədə məlumat verib və sənəd təsdiq olunub.
Çıxışlardan sonra övlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına Ümümdünya Gömrük Təşkilatının sertifikatları təqdim edilib, eləcə də fəxri fərmanlar, xüsusi rütbələr verilməsi haqqında DGK sədrinin müvafiq əmrləri dinlənilib.
Tədbirə yekun vuran DGK sədri A.liyev vurğulayıb ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyi və onun çoxsaylı kollektivi bundan sonra da müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması işində yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını əsirgəməyəcək.
Mərasimin sonunda isə yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.